Accessibility links

Maliyyə bazarında qeyri-müəyyənlik qalmaqdadır


Dollar

Azərbaycanın bank sahəsində son hadisələr bu sektorda baş verənlər haqqında çox sayda suallar doğurub.

Turan agentliyinin təhlilində deyilir ki, artıq uzun müddətdir kommersiya banklarının böyük əksəriyyəti əhaliyə xarici valyuta satmır, bu da "qara bazar"ın çiçəklənməsinə səbəb olub.

Şayiələrə görə, bir sıra banklar "qara bazar"ın əsas valyuta tədarükçüləridir, baxmayaraq ki, bunun birbaşa dəlili yoxdur. Amma, parlamentdə büdcə müzakirələrində deputatlar da bankların “qara bazarın” valyuta ilə təmin etdiyini deyiblər.

Bəzi bankların rəhbərliyində son yerdəyişmələr kommersiya banklarının və qeyri-leqal valyuta tacirlərinin əməkdaşlığı məsələsini yenidən aktuallaşdırıb.

Dekabrın 2-də “Azər-Türk” Bankın rəhbərliyi dəyişib: idarə heyətinin sədri vəzifəsində Xalid Əhədov 2014-cü ildən bu vəzifəni tutan Fərhad Adıgözəlovu əvəz edib.

F.Adıgözəlovla birlikdə onun müavini Afiq Xudayev vəzifəsini tərk edib.

Amma, bir həftə də keçməmiş X.Əhədov Azərbaycan Beynəlxalq Bankının sədri təyin edilib. O, bu vəzifədə 15 il müddətinə həbsə məhkum edilmiş Cahangir Hacıyevin istefasından sonra, 2015-ci ildən banka sədrlik edən Elmar Məmmədovu əvəz edib.

Azər-Türk Bankın yeni sədri Orxan Hüseynov təyin edilib. Maraqlıdır ki, Xalid Əhədov və Orxan Hüseynov vaxtilə bu yaxınlarda ləğv edilmiş “Bank Standart”ın rəhbərləri olub (müvafiq olaraq idarə heyətinin sədri və onun müavini).

Bank dairələrində gələcəkdə “Azər-Türk” Bankın və Azərbaycan Beynəlxalq Bankının birləşəcəyini istisna etmirlər.

“Azər-Türk” Bankın və Beynəlxalq Bankın rəhbərlərinin dəyişməsi haqqında qərarlarından dərhal sonra mətbuatda yerdəyişmələrin bankların "qara bazarla" əlaqələri haqqında şayiələrlə bağlı olduğu haqqında məlumatlar yayılıb. Bu barədə, xüsusən, məşhur iqtisadçı Qubad İbadoğlu öz facebook səhifəsində yazıb.

Onun fikrincə, Beynəlxalq Bankla bağlı problemlər bank özəlləşdirilənə qədər mövcud olacaq. Özəl banklarda səhmdarlar idarəedicilərin oğurluq etməməsini diqqətlə izləyir. Vaxtilə beynəlxalq maliyyə təşkilatlarının məsləhət gördüyü kimi Beynəlxalq Bank özəlləşdirilsəydi, belə böyük ölçüdə oğurluq olmazdı.

"Hesab edirəm ki, gələn ildən Beynəlxalq Bank və “Azər-Türk” Bank özəlləşdirməyə hazır olmalıdır və bu proses mümkün qədər tez yekunlaşdırılmalıdır", Qubadoğlu yazıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı da bu yaxınlarda bank forumunda bildirib ki, 2017-ci ildə Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması prosesini yekunlaşdırmaq planlaşdırılır. Bu fonda əhali arasında xarici valyuta alış-satışında məşhur olan “Əmrahbank” kassalarını valyuta əməliyyatları üçün bağlayıb. Digər banklar valyuta alır, amma satmırsa, bu bank bütün əməliyyatları dayandırıb.

Bank dairələrindən bildiriblər ki, MBNP “Əmrahbank”ın alış-satışı həyata keçirməsinə qadağa qoyub, amma bunun rəsmi təsdiqi yoxdur.

Ekspert Natiq Cəfərli hesab edir ki, bank sahəsində bütün bu qarışıqlıq valyuta çatışmazlığı ilə bağlıdır və ilin sonuna yaxın bütün bu problemlər daha da kəskinləşəcək.

"Mərkəzi Bank valyuta bazarlarına müdaxilələri dayandırıb, Dövlət Neft Fondunun valyuta satışı limiti də tükənməyə yaxındır. Dövlət Neft Fondu ilin sonuna qədər cəmi 150-160 mln. dollar təklif edə bilər ki, bu da tələbatın ödənilməsi üçün çox azdır", o bildirib.

Qeyd edək ki, oktyabrın ortalarından başlayaraq dolların məzənnəsi durmadan artır. Oktyabrın 18-də dollar 1.5969 manat təşkil edirdisə, dekabrın 9-da məzənnə 1.7430 manat təşkil edib.

XS
SM
MD
LG