İngiltərənin Mançester şəhərindəki hücumla bağlı 8 nəfər nəzarət altına alınıb.
Dünən həbs edilən qadın heç bir ittiham irəli sürülmədən azad edilib.
Mançester şəhər polisinin rəisi İan Hopkins deyib ki, son bir neçə gün zabitlər üçün ağır keçsə də, istintaqda bəzi nailiyyətlər qeydə alınıb.
Mançester şəhərində partlayış törədən intiharçı bomba hücumçusunun qardaşı və atası dünən Liviyada həbs edilib. Bunu Liviya anti-terror qüvvələrinin sözçüsü Əhməd ben Salem bildirib.
O, intiharçı bomba hücumçusu olmaqda şübhələnilən Salman Abedinin kiçik qardaşı Haşimin Tripoli şəhərində həbs edildiyini deyib.
Bin Salemin Röyters agentliyinə bildirdiyinə görə, Salman Abedinin iki qardaşı onunla bu yaxınlarda əlaqə saxlayıblar və Haşimin hücumla bağlı planlardan xəbəri olub.
“Bizdə onun və qardaşının İŞİD ilə əlaqəsi olduğuna dair dəlil var. Biz onu bir ay yarımdan çoxdur izləyirdik”, Əhməd ben Salem bildirib.
Polis Mançesterdə reydlər keçirməyə davam edir.