Accessibility links

Rusiya Mariupol polad zavoduna hücumları artırıb, Odessaya raket zərbəsi endirib


Azovstal polad zavodu
Azovstal polad zavodu

Rusiya qüvvələri Mariupol şəhərində ukraynalı müdafiəçilərin və azı 100 mülki şəxsin sığındığı polad zavoduna hücumlarını artırıb. Eyni zamanda, Qara dənizdə strateji əhəmiyyətə malik liman şəhəri olan Odessanı raket atəşinə tutub.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk mayın 10-da bildirib ki, üç ay davam edən şiddətli döyüşlərdən sonra Mariopol şəhərinin müqavimətin son dayağı olan Azovstal polad zavodunda 1000-dən çox ukraynalı döyüşçü qalmaqdadır.

"Yüzlərlə yaralı var. Təcili evakuasiya edilməli ciddi xəsarətləri olan insanlar var. Vəziyyət hər gün pisləşir", İrina Vereşçuk AFP xəbər agentliyinə bildirib.

Mayın 10-da şəhər merinin köməkçisi bildirib ki, mülki şəxslərin əksəriyyəti Azovstaldan təxliyə olunsa da, hələ də ən azı 100 nəfər içəridə qalıb.

"Hərbçilərdən əlavə sığınacaqlarında ən azı 100 mülki şəxs qalır. Lakin bu, işğalçıların hücumlarının intensivliyini azaltmır" - deyə, şəhər merinin köməkçisi Petro Andryuşenko Telegram mesajlaşma proqramındakı kanalda yazıb.

Rusiya qüvvələri indiyə qədər Mariupolun işğalını başa çatdıra bilməyib. Liman şəhəri Rusiyaya qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasına quru dəhliz imkanı vemək və qoşunları bir yerdən başqa yerlərə köçürülməsi üçün strateji əhəmiyyətə malikdir.

Rusiya qüvvələri daha bir strateji şəhər olan Odessaya da raket hücumları həyata keçirib. Şəhər şurası mayın 9-da axşam saatlarında bildirib ki, edilən hücum nəticəsində bir neçə bina dağılıb.

Ukrayna silahlı qüvvələri Facebook səhifəsində hücumla əlaqədar məlumat verərək bildirib ki, 7 raketin ticarət mərkəzi və anbara düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

BMT-nin bildirdiyinə görə, Rusiyanın fevral ayında səbəbsiz müharibəyə başlamasından bəri dinc əhali arasında itkilərin sayı 7 mini keçib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) bəyanatında deyilir ki, mayın 9-a qədər 235-i uşaq olmaqla 3381 nəfər həlak olub, daha 3680 nəfər yaralanıb.

Digər tərəfədən Ukraynın şərqindəki Xarkov və Dnepr vilayətlərində mayın 10-u səhər tezdən hava hücumu həyəcan siqnalları verilib.

Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinehubov mayın 10-da bildirib ki, Rusiya qüvvələri tərəfindən mart ayında dağıdılan İzyum şəhərində binanın dağıntıları altından 44 mülki şəxsin cəsədi çıxarılıb.

Sinehubov bildirib ki, beşmərtəbəli bina içəridəki mülki şəxslərlə birlikdə uçub.

XS
SM
MD
LG