Accessibility links

Maska taxmayanlar cərimələnəcək


Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər müzakirə edilib.

Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə, cərimələr müəyyənləşib.

Beləliklə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərin pozulmasına görə cərimələr olmalıdır. Layihəyə görə, fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 200 manat cəriməsi nəzərdə tutulur.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə isə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat cərimələnməlidir.

Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Mayın 29-da Nazirlər Kabineti " Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qərar qəbul edib. Həmin qərarda qapalı yerlərdə, kafelərdə, ofislərdə, növbələrdə maskalardan istifadənin lazım olduğu əksini tapıb. Mayın 30-da isə bununla bağlı İXM-yə dəyişikliklərin layihəsi Milli Məclisin komitəsində müzakirəyə çıxarılıb. Komitədki müzakirələrdə layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

XS
SM
MD
LG