Accessibility links

Metyu Miller: ABŞ Pakistan xalqının iradəsini əks etdirən nəticələrin vaxtında və tam şəkildə elan edilməsini gözləyir


Metyu Miller
Metyu Miller

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller fevralın 8-də Pakistanda keçirilən seçkilərlə bağlı yaydığı bəyanatında milyonlarla pakistanlının öz səslərini eşitdirdiyini və ABŞ-ın Pakistan xalqının iradəsini əks etdirən nəticələrin vaxtında və tam şəkildə elan edilməsini gözlədiyini bildirib.

“Biz Pakistanın demokratik və seçki institutlarını qorumaq və dəstəkləmək üçün gördüyü işlərə görə pakistanlı seçki işçilərini, vətəndaş cəmiyyətini, jurnalistləri və seçki müşahidəçilərini təqdir edirik,” o bildirib.

Sözçü həmçinin Pakistanda keçirilən səsvermədə ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarına əsassız məhdudiyyətlərin olduğunu vurğulayıb və müdaxilə və ya saxtakarlıq iddialarının tam araşdırılmasına çağırıb.

“Biz seçki zorakılığını, insan hüquqları və əsas azadlıqlardan istifadəyə qoyulan məhdudiyyətləri, o cümlədən media işçilərinə hücumları, internet və telekommunikasiya xidmətlərinə çıxışın məhdudlaşdırılmasını pisləyirik və seçki prosesinə müdaxilə ilə bağlı iddialardan narahatıq,” o deyib.

Miller Birləşmiş Ştatların siyasi partiyadan asılı olmayaraq Pakistanın növbəti hökuməti ilə birgə maraqları inkişaf etdirmək üzərində işləməyə hazır olduğunu qeyd edib.

“Biz Pakistan iqtisadiyyatını ticarət və investisiya vasitəsilə dəstəkləməklə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik. Biz Pakistanın demokratik institutlarını gücləndirməkdə, ABŞ-Pakistan Yaşıl Alyans Çərçivəsi vasitəsilə əlaqədə olmaqda, insanlar arasında əlaqələri genişləndirməkdə və ifadə azadlığı da daxil olmaqla insan haqlarını təşviq etməkdə davam edəcəyik. Biz həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməyə və Pakistan xalqına layiq olduqları sülh, demokratiya və tərəqqi təmin edən təhlükəsizlik mühiti yaratmağa sadiqik,” ABŞ Dövlət Departamentinin sözçüsü bəyanatda bildirib.

Forum

XS
SM
MD
LG