Tramp administirasiyası Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunları zamanı ABŞ vitse-prezidenti Mayk Penslə Şimali Koreya rəsmilərinin görüşlər keçirə biləcəyinin mümkünlüyü haqqında xəbər verib.
Mayk Pens çərşənbə axşamı Yaponiyaya səfər etməzdən öncə jurnalistlərlə danışıb.
“Hələlik görüş barədə heç bir plan yoxdur. Ancaq biz növbəti günlərdə nələrin baş verəcəyini görəcəyik. Kimlərlə və necə görüşməkdən asılı olmayaraq, mənim mesajım eyni olaraq qalacaq. Şimali Koreya bütün nüvə silahı proqramlarından və ballistik raket ambisiyalarından əl çəkməlidir” - deyə vitse-prezident bildirib.
Pens həmçinin onu da əlavə edib ki, prezident Tramp hər zaman danışıqların vacibliyinə inanır.
Bu həftə boyunca Tokio və Seulda səfərdə olacaq vitse-prezident Pens Pxenyanın nüvə silahı və ballistik raket proqramlarından imtina etməsi üçün ABŞ administirasiyası tərəfindən aparılan təzyiq kampaniyasını daha da intensivləşdirməyi planlaşdırır.