Accessibility links

Maykl Çeçire: Rusiyanın mövqeyi münaqişənin həllində inkişafın olmamasının əsas səbəblərindən biridir [Video-Müsahibə]


Təhlilçi Maykl Çeçire ilə müsahibə
please wait

No media source currently available

0:00 0:09:34 0:00

Təhlilçi Maykl Çeçire ilə müsahibə

Dağlıq Qarabağ bölgəsində təmas xəttində atəşkəsin pozulmasından sonra region güclərinin diplomatik səylərini aktivləşdirdiyi müşahidə edilir. Bəzi təhlilçilər ABŞ-ın daha aktiv rol oynamalı olduğunu bildirir və Rusiyanın münaqişənin həllinə töhfə verə bilməsi ilə bağlı suallar qaldırır. Vaşinqtonda Xarici Siyasət Araşdırmaları İnstitutunda təhlilçi Maykl Çeçire Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Qərbin səyləri və Rusiyanın maraqları, eləcə də regionda mürəkkəb hərbi-siyasi vəziyyəti şərh edib.

Amerikanın Səsi: Rusiyanın Dağlıq Qarabağda vasitəçiliyi ilə Dağlıq Qarabağda əldə olunmuş atəşkəsə belə görünür əməl edilir. Beynəlxalq müşahidəçilər bu yeni atəşkəs rejiminin dəstəklənməsinə çağırır. Siz atəşkəs perspektivlərinə hansı ümidlərlə baxırsınız?

Maykl Çeçire: Biz hamımız ümidliyik. Hamı münaqişənin tam həll olmasa da, hərbi əməliyyatların dayanmasını görmək istəyir ki bu da daha uzun müddətdə inkişafa gətirib çıxara bilsin. Keçən həftə baş verənlər hər iki tərəf üçün faciədir və bu ölümlər lazım deyildi. Tamamilə aydındır ki, bununla heç bir tərəf böyük irəliləyişə nail olmadı. Daha əhatəli atəşkəs və şəraitin dəyişməsinə gəldikdə, Birləşmiş Ştatlar, Rusiya, Avropa İttifaqı, habelə Minsk Qrupu kimi xarici oyunçuların hazırkı durumun işə yaramadığı və nəyinsə dəyişməli olduğunu tanıması lazımdır. Problemin bir tərəfi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan hökumətlərinin yeni infrastukturun yaradılması üçün kifayət qədər inkişafa nail ola bilib-bilməməsini söyləmək çətindir. Onların hansısa müvəqqəti addımlar ata bilməsi mümkündür.

"Birləşmiş Ştatlar, Rusiya, Avropa İttifaqı, habelə Minsk Qrupu kimi xarici oyunçuların hazırkı durumun işə yaramadığı və nəyinsə dəyişməli olduğunu tanıması lazımdır."-Maykl Çeçire

Əvvəllər müəyyən təkliflər veriləndə hər iki tərəf bildirirdi ki, “biz daha əhatəli həll çərçivəsində nəsə etmək istəyirik.” Bunun da yaratdığı problem odur ki, etibar yaradacaq tədbirlər olmadan əhatəli həllə nail olmaq mümkün deyil. Atəşkəsə dair yeni razılıq bunun bir hissəsi ola bilər. Fikrimcə, bu qərarları vermək hökumətlər və hərbi qüvvələrdən asılı ola bilər.

Amerikanın Səsi: Son günlər atəşkəsin pozulması həm Azərbaycan, həm də Ermənistan prezidentlərinin nüvə sammitində iştirak etmək üçün Vaşinqtonda olduqları vaxta təsadüf edib. Artıq illərdir Minsk Qrupu münaqişənin həllində vasitəçilik edir. Sizə onların həll yolu tapa bilməməsi nə ilə bağlıdır?

Maykl Çeçire: Qeyd etmək lazımdır ki, Minsk Qrupu masa arxasında diplomatik səylər baxımından güclü bir qurum kimi əhəmiyyət daşıyır. Azərbaycanda və Ermənistanda siyasi proseslər olmadan heç bir şey əldə etmək mümkün deyil. Ona görə də Minsk Qrupu çərçivəsində əldə olunan inkişaflar Azərbaycan və Ermənistan tərəflərinin imkan verdikləri qədərdir. Artıq bir müddətdir, son bir neçə ildir biz belə bir mərhələdəyik ki, Ermənistan və Azərbaycan hökumətləri Minsk Qrupu çərçivəsində bundan artıq inkişafa nail olmaq marağında deyil. Onlar bunun onların marağında olduğunu düşünsə idi, biz daha artıq inkişaf görə bilərdik.

"Azərbaycanda və Ermənistanda siyasi proseslər olmadan heç bir şey əldə etmək mümkün deyil. Ona görə də Minsk Qrupu çərçivəsində əldə olunan inkişaflar Azərbaycan və Ermənistan tərəflərinin imkan verdikləri qədərdir."-Maykl Çeçire

Mən Minsk Qrupunu günahlandırmazdım. Mən bu məsələdə diqqəti daha çox yerli hökumətlərə yönəldərdim. Burada çox sadə bir problem var. Ermənistan tərəf təkcə Qarabağ deyil, həm də onların dediyi kimi, bufer zonasındakı bəzi ərazilərə 90-cı illərdə müharibədə üstünlük əldə etdikləri kimi hüququ olduğunu düşünür. Azərbaycan isə hərbi baxımdan regionda üstünlüyə malikdir və daha münasib həllə, təkcə bufer zonası deyil, Qarabağın ən azı böyük hissəsinə haqqı olduğunu fikirləşir. Bunlar mürəkkəb və bir-birinə uyğun olmayan mövqelərdir. Və Minsk Qrupu burada bir şey edə bilməz.

Amerikanın Səsi: Artıq bir həftədir təmas xəttində sakitlik hökm sürür. Münaqişə zonasında vəziyyət nə dərəcədə təhlükəlidir?

Maykl Çeçire: Vəziyyət çox təhlükəlidir. Hamı gördü ki, orada vəziyyət qeyri-sabitdir, risklidir və regionda daha uzun müddətli və genişmiyqaslı toqquşmalara gətirib çıxara bilər. Çox təhlükəlidir. Qərbdə siyasətçilər və təhliçilər vəziyyətin uzun zamandır nə dərəcədə mürəkkəb və problemli olduğunu tam anlaya bilməyib. Masa üzərinə Azərbaycan və Ermənistanı tərəfləri hansısa güzəştə getməyə razı sala biləcək nəsə gətirilməyənə qədər biz çətin ki vəziyətin dəyişdiyini görə bilərik.

Amerikanın Səsi: Ermənistanda Rusiyanın Azərbaycana silah satışına etiraz nümayişi keçirilib. Etirazçılar Dağlıq Qarabağda son toqquşmalara Rusiyanın Azərbaycana silah satışının nəticəsi olduğunu iddia edir. Lakin Rusiya Ermənistan silahlı qüvvələrinə silah satışlarının əsas mənbəyidir. Bununla bağlı nə söyləyə bilərsiniz?

Maykl Çeçire: Mən Rusiyadan silah satışları və Qarabağda müharibə arasında mütləq birbaşa bağlantıdan danışmazdım. Məsələlər hərbi təchizat satışlarından daha böyükdür. Təbii ki bu, problemdir. Qafqaz üzrə təhlilçilər arasında belə bir deyim var. Azərbaycan adi qaydada Rusiyadan silahı elə yolla alır ki, Azərbaycanın rus silahlarını alması əslində Rusiyanın Ermənistana daha aşağı qiymətə silah satmasın gətirib çıxarır. Birbaşa olmasa da, Azərbaycan Ermənistana silahları subsidiyalaşdırır. Bu, çox qəribədir və regionda belə bir dinamika var. Bir tərəfdən, Rusiya regionda problematik rol oynayır, o biri tərəfdən isə silahlar bu qeyri-sabit münaqişənin qızışdırılmasında istifadə edilir. Silahların özü-özlüyündə bir problem olduğunu düşünmürəm. Amma təbii ki silahlar işə kömək etmir və Rusiyanın nə münaqişənin həlli, nə də münaqişənin daha da genişlənməsini istəməyən tərəf kimi rolu son illər inkişafa nail olmamağın əsas səbəblərindən biridir. Amma yenə də məsələnin həllində aparıcı mövqeyə malik olmaq Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır. Rusiya öz maraqları çərçivəsində hərəkət edəcək. Amma əsl inkişaf görmək istəyiriksə, bu, hökumətlərdən asılı olacaq.

"Təbii ki silahlar işə kömək etmir və Rusiyanın nə münaqişənin həlli, nə də münaqişənin daha da genişlənməsini istəməyən tərəf kimi rolu son illər inkişafa nail olmamağın əsas səbəblərindən biridir."-Maykl Çeçire

Amerikanın Səsi: Bir sualım da Rusiya ilə Qərb arasında gərginliklə bağlıdır. Rusiya təyyarənin ABŞ gəmisinə yaxınlaşdığının göstərildiyi görüntülərlə yəqin ki tanışsınız. Rusiya ilə Qərb arasında qarşıdurma haqda nə deyə bilərsiniz? Bu, gərginliyin artması tendensiyasının bir hissəsidirmi?

Maykl Çeçire: Tamamilə ayındır ki, bu, gərginliyin azaldılmasına xidmət etmir. Rusiya pilotlarına daha yaxşı təcrübə verə bilərdi. Adi hərbi vəziyyətlərdə hərbi gəmi bu məsafədən çox yəqin ki təyyarəni vurardı. ABŞ gəmisinin nəinki görünməyən, hətta görünən məsafəyə qədər təyyarənin yaxınlaşmasına və bu olduqca riskli və qeyri-dost manevləri etməsinə imkan verməsi onu göstərir ki, Qərb bir çox məsələlərdə fikir verməməyə çalışır. Amerika hərbi gəmisinin Rusiya hərbi qüvvələri ilə birbaşa konfrontasiyaya getməməsi ABŞ hərbi qüvvələrinin vəziyyəti müvazinətdə saxlamaq istədiyini nümayiş etdirir. Amma bu o deməkdir ki, Rusiya ABŞ hərbi qüvvələri üçün təkcə problem yaratmaq deyil, həm də bu hərbi manevrlərdən özləri üçün PR kimi istifadə edir. Göstərmək istəyirlər ki, onlar regionda ABŞ hərbi qüvvələri ilə eyni və hətta onlardan daha yaxşıdır. Əsl hərbi vəziyyətdə bunun nəticəsi fərqli ola bilərdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG