Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri “Manas” bazası ətrafında intriqalar barədə danışıb


ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Moskvada ali iqtisad məktəbinin tələbələri qarşısında çıxışı zamanı deyib ki, Rusiya amerikalıların “Manas” bazasından çıxmasına nail olmaq üçün Qırğızıstana maliyyə təklif edib.

Səfir daha sonra əlavə edib ki, ABŞ da Qırğızıstan hökumətinə rüşvət təklif edib, lakin bunun miqdarı Rusiyanın təklif etdiyi maliyyədən 10 dəfə az olub. Rusiya və Qırğızıstan hələlik ABŞ səfirinin açıqlamaları ilə bağlı şərh verməyib. 2009-cu ildə Moskvaya səfəri zamanı Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev ABŞ-ın istifadə etdiyi bazanın bağlanacağını elan etmişdir.

Bakiyevin bu açıqlamaları verdiyi vaxt Kreml Qırğızıstana 2 milyard dollar məbləğində kredit ayrılacağını elan etmişdi. Bakiyev sonra qərarını dəyişmiş və ABŞ-ın bazadan istifadə müddətini uzatmışdı.

Lakin ABŞ üçün icarə haqqı artırılmış, bazanın adı isə tranzit daşımalar mərkəzi “Manas” adlandırılmışdı.

Qırğızıstanın hazırkı prezidenti Almazbek Atambayev dəfələrlə öz açıqlamalarında 2014-cü ildə ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra “Manas” bazasının bağlanması məsələsinə toxunmuşdur.

ABŞ “Manas” bazasını 2011-ci ildə Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələrinə yardım məqsədilə açmışdır.

XS
SM
MD
LG