Accessibility links

MDB ölkələri 2020-ci ilədək hərbi sahədə qarşılıqlı fəaliyyəti müzakirə edib


MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin Bakı iclası
MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin Bakı iclası

MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin Bakı iclasında Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan iştirak edib

Aprelin 8-də Bakıda Four Seasons otelində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeriy Gerasimovun rəhbərliyi ilə MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin iclası açılıb.

İclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan iştirak edir. Bakı iclası Ukrayna və Ermənistanın iştirakı olmadan keçirilİb. Ukrayna Rusiyanın təcavüzü ilə əlaqədar MDB-də sədrliyi dayandırıb və bu təşkilatdan çıxmaq məsələsinə baxır.

MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsi 1996-cı il martın 27-də yaradılıb. Məqsəd MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargahlarının aktual hərbi əməkdaşlıq məsələləri üzrə fəaliyyətinin koordinasiyasıdır. Fəaliyyət üzrə ümumi rəhbərliyi MDB Müdafiə Nazirləri Şurası həyata keçirir.

“MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı iclasının iştirakçıları 2020-ci ilədək olan dövrdə hərbi sahədə qarşılıqlı fəaliyyəti müzakirə ediblər. Həmçinin Hava Hücumundan Müdafiə (HHM) sisteminin və vahid radiolokasiya tanıtma sisteminin inkişafı da müzakirə olunub”.
Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeriy Gerasimov görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, rabitə və idarəetmənin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, komitə 2015-ci ilədək MDB ölkələri Silahlı Qüvvələrinin birgə tədbirlərinin planını razılaşdırıb.
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov
V.Gerasimov qeyd edib ki, iclasda humanitar minatəmizləmə, geoməkan informasiya mübadiləsi və hərbi təyinatlı peyk rabitəsi sistemindən istifadəyə dair sazişlər təqdir edilib.

Bununla yanaşı komitə üzvləri MDB ölkələrində HHM-in təminatı sahəsində elmi araşdırmalar mövzusuna, vahid radiolokasiya tanıtma sisteminin inkişaf konsepsiyasının inkişafına toxunublar.

Həmçinin birləşmiş nəzarət sisteminin inkişafı, MDB ölkələri Müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji durumunun qiymətləndirilməsi məsələləri müzakirə edilib.

V.Gerasimovun fikrincə, Bakı iclası “MDB ölkələri Silahlı Qüvvələri Baş qərargahları arasında hərbi əməkdaşlığın genişləndirilməsi, inamın və qarşılıqlı anlaşmanın artırılması yolunda daha bir konkret addım oldu”.
XS
SM
MD
LG