Azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Azərbaycan prezidentinin göstərişinə əsasən, musiqiçinin nəşi Azərbaycana gətiriləcək və Bakıda, II Fəxri xiyabanda dəfn ediləcək.
Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.