Accessibility links

Mədət Quliyev: Etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyil


Mədət Quliyev
Mədət Quliyev

“Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun. İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır”.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev jurnalistlərlə söhbətində bildirib.

M.Quliyev son günlər regionlardakı etiraz aksiyalarına da münasibət bildirib.

“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyil. Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.

DTX rəisi deyib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib.

“Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey prezident İlham Əliyevin nəzarətindədir”, o qeyd edib.

Onun dediyinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin şöbələrinin bütün şəhərlərdə olmasına lüzum yoxdur.

"Bəzi şəhərlərdən kuratorluq əsasında məlumatlar toplayacağıq. Sərhədyanı rayonlarda daha güclü iş aparacağıq", DTX sədri bildirib.

XS
SM
MD
LG