Accessibility links

Xədicə İsmayılovanın məhkəməsi təxirə salınıb


Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı müraciətinə baxışı oktyabrın 10-dək təxirə salıb.

Bu barədə Amerikanın Səsinə İsmayılova özü bildirib.

“Mən baxışın təxirə salınmasına etiraz etdim. Lakin hakim prokurorun və məhkəmə icraçısının məhkəməyə gəlməməsini əsas gətirərək prosesi təxirə saldı”, jurnalist qeyd edib.

Xədicə İsmayılova ölkədən çıxışa qadağanın götürülməsi ilə bağlı sentyabrın 22-də Bakının Binəqədi rayon Məhkəməsinə müraciət edib.

“Stohkolm İqtisadiyyat Məktəbinin Riqa filialından araşdırma jurnalistikasından noyabr-dekabr aylarında 23 gün dərs demək üçün təklif almışam. Bu məqsədlə müvəqqəti olaraq ölkəni tərk etmək və ya ölkəni tərk etməklə bağlı məhkəmə qərarına xitam verilməsi üçün müraciət etmişəm. Məhkəmə qərarına bütövlükdə xitam versə belə ölkəni daimi tərk etmək fikrim yoxdur”, o qeyd edib.

Xədicə İsmayılova bu ilin avqustunda da ölkədən çıxışına qadağanın müvəqqəti götürülməməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib və müraciəti təmin edilməyib. Sonra jurnalist Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və şikayəti təmin edilməyib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova 7 il 6 ay azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etməyib, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirib.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsilməklə, sərbəst buraxılıb.

XS
SM
MD
LG