Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində medianın cəmiyyətdə rolu, dövlət-media münasibətləri, medianın ictimai fikrə təsirlərindən danışıb.
Amerikanın Səsi: Azərbaycan milli mətbuatınlın 140 ili tamam oldu. Bu gün medianın cəmiyyətdə rolunu və yerini necə görürsünüz?
Bu uzun müddətli proses ona gətirib çıxardı ki, təsirlə, təzyiqlə, ələ almaqla mətbuatın xüsusi, müstəqil rolu xeyli azaldı.
Şahin Hacıyev: Azərbaycanda son 15 ildə cəmiyyətdə medianın rolu və yeri çox ciddi dəyişib. Ən əsası odur ki, media dördüncü hakimiyyət olmaqdan, hakimiyyətlə əməkdaşlıq edən bir qola çevrilib. Söhbət ondadır ki, son illər ərzində hakimiyyətin siyasəti bundan ibarətdir ki, müstəqil mətbuatın siyasi faktor kimi rolunu azaltsın. Əsas məsələ cəmiyyətə, ictimai fikrə mətbuatın təsirinin azaldılmasıdır. Mətbuatın təsirinin azalması ondan ibarətdir ki, hakimiyyəti narahat edən, problem yaradan, baş ağrısı olan məsələlər mətbuatda qaldırılmasın. Bu uzun müddətli proses ona gətirib çıxardı ki, təsirlə, təzyiqlə, ələ almaqla mətbuatın xüsusi, müstəqil rolu xeyli azaldı. Bu gün arenada demək olar ki, müsatəqil mətbuat qalmadığından və ya çox cüzi sayda qaldığına görə mətbuatın ictimai fikrə, onun formalaşmasında rolu xeyli azalıb.
Amerikanın Səsi: Bu gün dövlət-media münasibətləri demokratik standartlara uyğundurmu? Çünki dövlət media ilə münasibətlərini qrantların verilməsi, mükafatlandırma, ev verilməsi ilə qurur.
Misal üşün, ildə yüz min manat və ya yüz min dollar tirajı gündə 2000-2500 olan qəzetə ayrılır. Halbuki bu, mətbu orqan sayıla bilməz.
Şahin Hacıyev: Bu əslində o mən dediyim siyasətin davamıdır, daha doğrusu onun tərkib hissəsidir. Məsələ burasındadır ki, Azərbaycanda mətbuat siyasi faktordur, o mənada ki, rejim avtoritar olduğundan demokratik, azad, müstəqil mətbuat onun üçün ciddi problemə çevrilir. Hakimiyyətin, iqtidarın siyasəti ondan ibarətdir ki, bu faktı aradan götürsün. Çünki müstəqil mətbuat avtoritar rejimə ən ciddi təhlükələrdən biridir. Yəni ictimai fikri nəzarətdə saxlamaq, cəmiyyəti idarə etmək və bunun üçün mətbuata xüsusi şərait yaratmaq, qrant ayırmaq və s. Ümumi danışanda bu aydın olmur. Amma, ayrılan maliyyəyə və həmin qəzetlərin, mətbu orqanların populyarlığına baxanda paraodoksal bir şey görünür. Misal üşün, ildə yüz min manat və ya yüz min dollar tirajı gündə 2000-2500 olan qəzetə ayrılır. Halbuki bu, mətbu orqan sayıla bilməz. Yəni, bu heç kəsə lazım olmayan kağızda olan hansısa bir qurumdur, 3-4-5-10 nəfər işçisi ilə. Lakin bunun ictimai fikrə təsiri, və yaxud oxunulması, tanınılması sıfra bərabərdir. Normal cəmiyyətdə, ən azı bazar iqtisadiyyatı ilə yaşayan cəmiyyətdə bu mənasız pul xərclənməsidir. Belə halların onlarla-yüzlərlə olması o deməkdir ki, özlərini mətbuat adlandıran, jurnalist sayan insanlar elə bil ki, bu dövlətin dotasiyasındadır. Pulu ona görə alırlar ki, hökuməti tərifləsinlər yaxud da ən azı onu tənqid etməsinlər. Bundan başqa nə istəyirlər yazsınlar.
Amerikanın Səsi: Azərbaycan milli mətbuat gününü 9 jurnalist və bir neçə blogerin həbsdə olduğu bir zamanda qarşılayır. Vəziyyətdən çıxışı nədə görürsünüz?
Jurnalistlər var ki, hansı ki, mübarizəsini hər bir şəraitdə davam etdirir, hər bir şəraitdə öz sözünü deyir.
Şahin Hacıyev: Yaranmış vəziyyət bilavasitə Azərbaycanda hakimiyyətlə, mövcud rejimlə bağlıdır. Yəni, bu rejimin, bu hakimiyyətin mahiyyəti dəyişiləsi deyil. O zamanacan ki, bu hakimiyyət olacaq, ölkədə də vəziyyət bu cür qalır. İndi repressiyalara, çətinliklərə baxmayaraq hər bir vəziyyətdə, ən ağır vəziyyətdə yaşayan insanlar arasında elələri var ki, bununla barışmır, öz sözünü axıracan deyir. Ona görə də çox olmasa da jurnalistlər var ki, hansı ki, mübarizəsini hər bir şəraitdə davam etdirir, hər bir şəraitdə öz sözünü deyir. Vəziyyətin dəyişməsi isə ümumi cəmiyyətdə demokratiyanın inkişafı ilə bağlıdır. Yəni cəmiyyət demokratikləşməsə, bu vəziyyət də dəyişməyəcək.
Amerikanın Səsi: Media ictimai fikri cəmiyyətin diqqətinə çatdıra bilirmi?
Bu gün artıq iqtidar özü də boynuna alır ki, Azərbaycan telekanallarına baxan yoxdur. Hamı xarici telekanallara baxır. Azərbaycan mətbuatını oxuyan yoxdur.
Şahin Hacıyev: Məsələ burasındadır ki, iqtidarın münasibəti bir az geri qalmışdı. Nə mənada? Bunlar elə bilirdilər ki, telekanalları ələ almaqla, özəlləşdirməklə, qəzetləri ələ almaqla, özlərinə internet saytları yaratmaqla, onları maliyyələşdirməklə ictimai fikri tam dəyişəcəklər və ya nəzarət edə biləcəklər. Lakin internet kimi, sosial media kimi anlayışlar var, internet medialar var. Onların populyarlığı və informasiya daşıyıcısı kimi funksiyası qat-qat artıb. Bu gün artıq iqtidar özü də boynuna alır ki, Azərbaycan telekanallarına baxan yoxdur. Hamı xarici telekanallara baxır. Azərbaycan mətbuatını oxuyan yoxdur, əksəriyyət məlumatı internetdən, sosial şəbəkələrdən alır. Bu o deməkdir ki, iqtidar, hakimiyyət istədiyinə nail olmur. Daimi cəmiyyətdə olan bu yarışma davam edəcək və əgər kimsə hesab edir ki, iqtidar ictimai fikri, insanları, onları tam nəzarətə alıb, idarə edir, bu yanlışdır. Çox zamanlar sosial partlayış və yaxud inqilab ən sakit, ən rahat yerdə baş verir.