İyulun 17-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün Elmarın 49 yaşı olur.
Bu münasibətlə Azərbaycanın müstəqil demokratik cəmiyyətin nümayəndələri, jurnalistlər, ictimai fəallar jurnalistin qəbri üstünə yığışaraq 17 il əvvəl evinin qarşısında güllənənən Elmar Hüseynovun doğum gününü qeyd ediblər.
“Bu gün bura toplaşmışıq ki, bir daha deyək ki, 2005-ci il martın 2-də Elmar Hüseynovun qətlə yetirilməsi cəzasız qalmayacaq və biz bu cinayətin sifarişçilərinin və icraçılarının əsl adlarının açıqlanmasına çox yaxınıq”, - “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.
“Strateji düşüncə” Mərkəzinin rəhbəri İsa Qəmbər Elmar Hüseynovun Azərbaycanda söz azadlığına böyük töhfəsini qeyd edib. O, Türkiyədəki vəziyyətlə paralellər gətirərək vurğulayıb ki, məhz azad KİV, sosial media demokratik instututların müdafiəsində və hərbi qiyamın baş tumamasında həlledici rol oynayıb.
İ.Qəmbər Azərbaycan hakimiyyətini vəziyyət barədə yenidən düşünməyə və Azərbaycanda mətbuata təzyiqlərə, söz azadlığının sıxışdırılmasına son qoyulmasına çağırıb.
“Azərbaycan hakimiyyəti başa düşməlidir ki, cəmiyyətin azad olacağı və cəmiyyəti iflic edən zərərli tellərdən azad olan minlərlə insanın Elmarın məzarına gələcəyi gün uzaqda deyil”, - Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib.
“Biz bilirik ki, o vaxtlar yüksək vəzifəli şəxslər onunla görüşüblər, ölkəyə işıqlı gələcək, ona isə “günəşin altında yer” vəd ediblər. Lakin o, bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yalnış olması barədə xəbərdarlıq edirdi”, - Turan agentliyinin direktoru Mehman Əliyev bildirib. O qeyd edib ki, Elmarın öncədən söylədikləri doğru oldu və məntiqi sonluğu olacaq.
“Xural” qəzetinin redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı deyib ki, Azərbaycanın azad mətbuatı bu gün də Elmar mirasından güc alaraq mübarizəni davam etdirir. “Bizim sayımız az ola bilər, ancaq sözümüz haqq sözüdür. Odur ki, cəmiyyət avtoritarizm üzərində qələbəyə məhkumdur”, - o vurğulayıb.
2005-ci il martın 2-də Elmar Hüseynov öz evinin girəcəyində dörd güllə ilə öldürülüb. Onun həyat yoldaşı və kiçik oğlu qalıb. Elmara müxtəlif mükafatlar verilib, ən yaxşı jurnalist, ən yaxşı redaktor adına layiq görülüb. Hakimiyyət dəfələrlə ona qarşı cinayət işi qaldırıb, hədə-qorxulara məruz qalıb, məhkəmə sanksiyaları tətbiq edilib, həbs olunub.
Onun həyat yoldaşı və oğlu hazırda Norveçdə yaşayır.