Accessibility links

İlham Əliyev qəzetlərə niyə yardım ayırır?


İlham Əliyev
İlham Əliyev

Bir sıra müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar

Prezident İlham Əliyev Milli Mətbuat Günü əvvəli Azərbaycanda nəşr olunan qəzetlərə ümumilikdə 1 milyon manat birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncamın ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə verildiyi qeyd edilir.

Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılacaq.

Həmin vəsait qəzetlərə birdəfəlik maliyyə yardımı göstərilməsinə sərf edilməlidir.

Müxalif mövqeli “Azadlıq ” qəzetinin redaktor əvəzi Rahim Hacıyev deyib ki, ölkə başçısının qəzetlərə yardımını nəzərdə tutan sərəncamının onlara aidiyyəti yoxdur. O, qeyd edib ki, artıq 3 ildir, “Azadlıq” qəzeti hökumət yardımından məhrum olub.

Redaktor əvəzi bildirib ki , “Azadlıq” qəzeti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə 2013-cü ilədək əməkdaşlıq edib. Ancaq həmin il fond qəzetə maliyyə ayırmaqdan imtina edib.

Rahim Hacıyev hazırda qəzetin maliyyə durumunun çox ağır olduğunu ifadə edib.

O, ölkə başçısının sərəncamı ilə ayrılan vəsaitin bölgüsü zamanı “Azadlıq” qəzetinin də nəzərə alınacağı təqdirdə, həmin pulu elə “Azərbaycan” nəşriyyatına ödəyəcəklərini qeyd edib.

Bununla belə AzərbaycandaMilli Televiziya və Yayım Şurası (MTRŞ) ANS televiziyasının fəaliyyətini bir aylıq dayandırıb. Şura bunu nurçu lider, hazırda ABŞ-da yaşayan və Türkiyə rəsmi dairələrinin bu ölkədə dövlət çevrilişi təşkil etməkdə günahlandırdığı Fətulla Gülənin mətbuat konfransının işıqlandırılması ilə izah edib.

İyulun 21-də prezident həmçinin, mətbuat işçilərinə yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılmasından ötrü inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb.

Bundan əvvəl, dövlət vəsaiti hesabına bir bina da tikilərək bəzi jurnalistlərin istifadəsinə verilib.

Bir sıra müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır.

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet “Əkinçi” işıq üzü görüb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG