Accessibility links

Daxili İşlər Nazirliyi blogeri məhkəməyə verib


Mehman Hüseynov şikayətlə tanış olmadığını bildirir

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) video bloger Mehman Hüseynovu məhkəməyə verib.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Xüsusi ittiham qaydasında edilən şikayətə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 10-u saat 10-a təyin olunub.

Vəkil qeyd edib ki, xüsusi ittiham qaydasında verilən şikayət müdafiə tərəfinə təqdim edilməyib.

Buna görə də sabah məhkəmənin təxirə salınmasını istəyəcək.

Video bloger Mehman Hüseynov Amerikanın Səsinə bildirib ki, şikayətlə nə o, nə də vəkili tanış olub.

“Qeyd etmək istəyirəm ki, bu, mənim birbaşa fəaliyyətimlə bağlıdır. Məni həbs etmək üçün, təzyiq göstərmək üçün bu addımı atıblar”, o qeyd edib.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də isə Mehman Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Nazirlik hesab edir ki, bloqer ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atır. Nazirlik onun dediklərini təkzib edir. Baş prokurorluq nazirliyin böhtan iddiasına hüquqi qiymət verməlidir.

Məhkəmə ilə bağlı DİN-nin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG