Martın 29-da Bakı Apellyasiya Məhkəməsində hakimi Vaqif Mursaqulovun sədrliyi ilə bloger Mehman Huseynovun apelyasiya şikayətinə baxılacaq. Məhkəmə iclası açıq olacaq, Mehman Hüseynov məhkəmə iclasında iştirak edəcək.
Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.
Vəkil bildirir ki, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması və Mehman Hüseynova bəraət verilməsi tələb edilir.
Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hokmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 2 azadlıqdan məhrum edilib.
Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.
M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.
Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət edib.
Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.