Accessibility links

Jurnalist beynəlxalq ictimaiyyətdən dəstək istəyir


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlı beynəlxalq ictimaiyyətə, təşkilatlara müraciət edib. Jurnalist Gürcüstandan Azərbaycana gətirilərkən aparıldığı ərazilərdəki video görüntülərin əldə edilməsinə yardım istəyir.

Müraciət haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

"Azərbaycan və Gürcüstan hökuməti oğurlandığım ərazilərdəki görüntüləri verməkdən yayınır. Xahiş edirəm ki, beynəlxalq təşkilatlar hər iki hökumətdən video görüntüləri təcili tələb etsinlər", jurnalistin bəyanatında vurğulanır.

Bəyanatda bildirilir ki, müşahidə kameralarındakı görüntülər adətən bir ay ərzində saxlanılır, bir ay ötdükdə silinir. Ə.Muxtarlı hesab edir ki, Azərbaycan və Gürcüstan hökuməti görüntüləri verməkdən qəsdən yayınır. Bir ay keçdikdən sonra isə texniki olaraq görüntülərin verilməsinin mümkünsüz olduğunu bəyan edəcəklər.

Qeyd edək ki, bundan əvvəl jurnalistin azərbaycanlı və gürcü vəkilləri hər iki ölkənin əlaqəli qurumlarına görüntülərin əldə edilməsi ilə bağlı müraciət ediblər. Ancaq onların müraciətləri təmin edilməyib.

Jurnalist Ə. Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

XS
SM
MD
LG