Accessibility links

Faiq Əmirovun səhhəti pisləşib


Faiq Əmirli
Faiq Əmirli

"Azadlıq" qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirovun səhhəti pisləşməkdə davam edir. Bu barədə iyunun 29-da 1 saylı Bakı İstintaq Təcridxanasında Əmirova baş çəkən həyat yoldaşı Lalə Əmirli bildirib.

Onun sözlərinə görə, Faiqin üzünün sol tərəfi qıc olub, üzünün bir hissəsi əyilib, sol gözü atır.

Əmirov həkimə müraciət edib və ona deyiblər ki, problemlər əsəb zəminində yaranıb.

Daha dəqiq diaqnozu müəyyən etmək üçün nevropotoloq müayinəsi təyin edilib.

Bundan başqa, Əmirovun xroniki qastritlə bağlı qida qəbul etməkdə də problemi var. Onun pəhrizli qidaya ehtiyacı var, amma istintaq təcridxanasında bunun üçün şərait yoxdur, deyə həyat yoldaşı bildirib.

Əmirov 2016-cı il avqustun 20-də dini və milli ədavət salmaq ittihamı ilə saxlanılıb.

2017-ci il aprelin 17-də ona qarşı yeni, - vergilərdən yayınma və vəzifədən sui-istifadə ittihamları irəli sürülüb.

Amma, ibtidai istintaqın yekunlarına görə 168.1-ci (dini ayinlərin icrası adı altında insan haqlarına qəsd) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələr ləğv edilib.

Hazırda işə məhkəmədə baxılır.

Əmirov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

"Sərhədsiz Reportyorlar" Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı Əmirovun həbsini pisləyib və ona qarşı "cəfəng ittihamları" ləğv etməyə çağırıb.

XS
SM
MD
LG