Accessibility links

Daha bir jurnalist Əfqan Muxtarlının işinə görə dindirilib


İzolda Ağayeva
İzolda Ağayeva

İyulun 7-də isə daha bir jurnalist  ifadə verməlidir

İyulun 6-da jurnalist İzolda Ağayeva Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində iki saat yarımdan artıq dindirilib.

Bu barədə jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan Muxtarlı və Meydan TV internet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub. O, şahid qismində dindirilib.

Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

İyulun 7-də isə daha bir jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verməlidir.

Ötən həftə hər iki iş üzrə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin Meydan TV-nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

XS
SM
MD
LG