Accessibility links

Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

"Penitensiar Xidmət həbsdəki jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşmək hüququnu pozmaqda davam edir."

Turanın məlumatına görə bunu jurnalistin yaxın dostu Samir Əsədli bildirib.

O deyib ki, jurnalistlə görüşməsi üçün Ə.Muxtarlının ailə üzvləri ona etibarnamə veriblər.

S.Əsədli qeyd edib ki, Ə.Muxtarlının saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi jurnalistin vəkillərinə bildirib ki, görüş üçün heç bir məhdudiyyət olmayacaq.

Bundan sonra biz bu gün görüş üçün təcridxanaya getdik. Bizi bir saatdan artıq gözlədəndən sonra rəis xəbər göndərdi ki, mən görüş üçün söz verməmişəm”,- S.Əsədli qeyd edib.

Öz növbəsində vəkil Elçin Sadıqov da deyib ki, dünən təcridxana rəhbərliyi vəkilə bildirib ki,görüş üçün maneçilik yaradılmayacaq.

Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə bu mövzu ilə bağlı danışmaq mümkün olmayıb.

Məsələyə, hələlik, Penitensiar Xidmətin də münasibətini öyrənmək cəhdləri bir nəticə verməyib.

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib, həmçinin, sərhəddə cibinə 10 min avro pul qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmək) ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, dəfələrlə təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.

XS
SM
MD
LG