Accessibility links

Məhkəmə jurnalistin Kanadaya getməsinə icazə verməyib


Xədicə İsmayıl
Xədicə İsmayıl

Avqustun 10-da Binəqədi rayon Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın üzərindən səfər məhdudiyyətinin götürülməsi barədə müraciətinə baxıb.

Jurnalistin dediyinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə bu dəfə də jurnalistin ölkədən çıxışına icazə verməyib.

Xədicə İsmayıl ölkədən çıxmasına səbəb kimi Kanadada keçiriləcək mükafat mərasiminə qatılmaq istəməsini göstərib.

Belə ki, Beynəlxalq Bütövlülük Naminə 100 min Kanada dolları məbləğində Allard Mükafatı üçün 2017-ci ilin finalçıları elan olunub.

Mükafatçılar sırasına braziliyalı təqib üzrə əməliyyat qrupu, Azərbaycan jurnalisti, misirli insan haqları məsələləri üzrə hüquqşünas daxildir.

İyulun 24-də Kanadanın Vankuver şəhərində British Columbia Universiteti nəzdində fəaliyyət göstərən Peter A. Allard Hüquq Məktəbi Beynəlxalq Bütövlük Naminə Allard Mükafatı üçün 2017-ci ilin 3 finalçısını elan edib.

Universitetin məzunu cənab Peter A. Allard, Q.C. tərəfindən yaradılmış və maliyyələşdirilən, iki ildə bir dəfə verilən mükafat korrupsiyaya qarşı mübarizədə və insan haqlarının təşviqində göstərilən səyləri dəyərləndirən dünyada ən böyük mükafatlardan biri sayılır.

Xatırladaq ki, bundan öncə də məhkəmə Xədicə İsmayılın xaricə gedişinə qadağa qoyub. Jurnalist məhkəmənin əvvəlki qərarı ilə bağlı artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsilməklə, sərbəst buraxılıb. Onun ölkədən çıxışına icazə verilmir.

XS
SM
MD
LG