Bu gün Turan İnformasiya Agentliyi vergi orqanlarının müdaxilələrindən sonra özünün normal iş ahəngini itirib. Bunu nəzərə alaraq hüquq müdafiəçiləri adından sizdən rica edirik ki, Turan İnformasiya Agentliyinin vergi orqanları tərəfindən əlavə olaraq yoxlamaların aparılmasının qarşısının alınması üçün öz nüfuzunuzdan istifadə edəsiniz. Azərbaycanda dəyərli təhlilləri ilə bütün beynəlxalq aləmdə tanınmış agentliyin işinə normal şəraitin yaradılması üçün öz mərhəmətinizi əsirgəməyəsiniz.
Bu barədə bir qrup hüquq müdafiəçisinin prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevaya müraciətində deyilir.
“Turan İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən təsis edilən, keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biridir.
Turan agentliyi ölkəmizdə siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman mövzularında xəbərlər hazrlamaq ilə yanaşı Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlanmasında xüsusi rola malikdir. Azərbaycanla bağlı məlumat axtarışında olan bütün beynəlxalq informasiya mərkəzləri - Reuters, France Press, BBC, CNN və yüzlərlə media qrumları, rəsmi dövlət və hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dünya miqyaslı şirkətlərin nümayəndəlikləri və məşhur yerli işguzar dairələr Turan İA məlumatlarının və bülletenlərinin oxucusudur”, sənəddə qeyd edilir.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Turan İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında 7 avqust tarixli qərarı əsasında yoxlamalara başlayıb. Vergi əməkdaşları avqustun 16-da agentliyin ofisində axtarış aparıb, 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini götürüb.
Bundan sonra vergi əməkdaşları 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib.
Turan İnformasiya Agentliyinin dirktoru Mehman Əliyev vergi yoxlamalarının media azadlığına qarşı yönəldiyini, agentliyi susdurmaq xarakteri daşıdığını bildirib.