Accessibility links

Azadlıq qəzetinin yayım direktorunun apellyasiya şikayətinə baxılır


Faiq Əmirli
Faiq Əmirli

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli yenidən məhkəmə önünə çıxarılıb. Onun 3 il 3 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş apellyasiya şikayəti üzrə avqustun 31-də ilkin baxış iclası keçirilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İlkin baxış iclasında F.Əmirli həbs olunduğu gündən onun vəkili olan Aqil Layıcovun müdafiəçi kimi iştirakına imkan verilməyib. Hakim deyib ki, Layıcov apellyasiya məhkəməsi üçün ayrıca order verməyib.

Vəkil isə bildirib ki, iş materiallarında onun orderi var və həmin sənəd bütün instansiyalar üçün keçərlidir:

Vəkil Fəxrəddin Mehdiyev isə ilkin baxış iclasında bir neçə vəsatət qaldırıb.

Birinci vəsatət F.Əmirli haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub.

Vəkil deyib ki, F.Əmirli müsbət xarakterizə olunur, ictimai nüfuzu var, ailəlidir, iki övladı, daimi yaşayış yeri var.

İkinci vəsatətində vəkil apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılmasını istəyib. Vəkil deyib ki, F.Əmirlinin maşınından özünün iştirak etmədiyi axtarış nəticəsində Fethullah Gülen-ə aid disklər, kitablar tapıldığı iddia olunur. Amma axtarış protokolunda hal şahidi kimi imzası olan adamlar məhkəmədə dindirilməyib, müdafiə tərəfinin bu haqda vəsatəti təmin olunmayıb.

"İttiham aktında yazılıb ki, guya axtarış zamanı təhlükəsizlik xidmətinin əməkdaşları AXCP üzvü Fuad Əhmədlinin evindən Gülen qrupuna aid şəxslərin siyahısını tapıb, orada Faiq Əmirlinin də adı olub. Sonradan Fuada (AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib) Gülen-ə aid ittiham verilmədi, Faiqin işində isə bu məsələ qaldı. Ona görə vəsatət qaldırdıq ki, Fuad Əhmədli dindirilsin, görək belə bir siyahı həqiqətən olubmu? Orada Faiqin adı olubmu? Birinci instansiya məhkəməsi təmin etmədi. Əgər siz Gülen ittihamı ilə bağlı həqiqətən araşdırma aparmaq istəyirsinizsə, bu adamlar mütləq dindirilməlidir", F.Mehdiyev deyib.

Vəkil həmçinin, "Azadlıq" qəzetinə görə hesablanmış vergi borcu ilə əlaqədar təkrar ekspertiza keçirilməsini istəyib. Deyib ki, istintaq dövründə keçirilmiş ekspertiza qəzetin satış qiymətini tam gəlir kimi götürüb, ona vergi hesablayıb.

F.Mehdiyevin sonuncu vəsatəti müdafiə etdiyi şəxsin vəkillərinin yanında əyləşməsinə icazə verilməsi haqda olub

Hakimlər qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını elan edib. Qərara əsasən, şikayətə məhkəmə istintaqı aparılmadan baxılacaq. Məhkəmə baxışı sentyabrın 14-nə təyin olunub.

XS
SM
MD
LG