Accessibility links

“Mehman Əliyevə Azadlıq" Komitəsi dünya ictimaiyyətinə müraciət edib


Mehman Əliyevə azadlıq komitəsi
Mehman Əliyevə azadlıq komitəsi

Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı. Bu barədə "Mehman Əliyevə Azadlıq" Komitəsinin dünya ictimaiyyətinə müraciətində deyilir.

Komitə hesab edir ki, hakimiyyətin tənqidçiləri susdurmaq, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq məqsədi ilə apardığı repressiya siyasəti durdurulmalıdır.

“Azərbaycan hakimiyyətindən tələb edirik ki, Azərbaycanın Konstitusiyasına və qanunlarına, beynəlxalq hüquq normalarına, beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etsin. Azərbaycanda demokratik inkişaf, fundamental hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatları əməli işlərlə həyata keçirsin. Mehman Əliyev və həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın”, sənəddə qeyd edilir.

Komitə azad, demokratik, sivil cəmiyyət qurulması uğrunda mübarizə aparan insanları, eləcə də bütün vətəndaşları ölkədə baş alıb gedən haqsızlıqlara, repressiyalara qarşı fəal mübarizəyə çağırır.

“Siyasi partiyaların, vətəndaş cəmiyyəti təmsilçilərinin, media mənsublarının QHT və hüquq müdafiəsi təşkilatlarının bu mübarizəyə töhvə verməsinin zəruriliyini vurğulayaraq, dünyada demokratiyanın inkişafını öz xarici siyasətini prioriteti hesab edən ölkələri, beynəlxalq qurumları Azərbaycanda siyasi məhbus probleminin həlli üçün təsirli tədbirlər görməyə çağırırıq”, sənəddə qeyd edilir.

Öz növbəsdində rəsmi Bakı bir qayda olaraq ölkədə siyasi məhbus olmadığını qeyd edir.

XS
SM
MD
LG