Avropa İnsan Hüquqları Məhkəməsi ölkədən çıxışına qadağa qoyulan şəxslərin şikayəti üzrə kommunikasiyaya başlayıb. Bunlar jurnalistlər Aynur Elgünəş, Aytac Əhmədova, Natiq Cavadlı və Xədicə İsmayılovadır. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində məlumat yayıb.
İlk üç şəxs Meydan.tv.nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində, X.İsmayılovanın isə şərti cəza tətbiq edildiyi üçün ölkədən çıxışına qadağa qoyulub.
Strasburq məhkəməsi Azərbaycan hökümətindən 2018-ci il yanvarın 17-dək qədər öz qeydlərini verməyi xahiş edib.
Şikayətlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 sayli protokolunun 2-ci maddəsi (Hərəkət azadlığı), 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) , 10-cu (Fikri ifadə etmək azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ), 18-ci ( Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınması xahiş olunub.