Accessibility links

Əziz Orucovun işi üzrə məhkəmə davam etdirilib


Əziz Orucov

Oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə "Kanal-13" İnternet televiziyasının direktoru Əziz Orucovun işi üzrə proses davam edib.

O, mayın 2-də polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 192.2.2 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bugünkü prosesdə şahid ifadələri davam edib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı qeyd edib ki, müttəhimi düzgün jurnalist kimi tanıyır. 2015-2016-cı illərdə müqavilə əsasında "Kanal-13" ilə əməkdaşlıq edib. Bu kanalda hüquqi yardımla bağlı maarifləndirici verilişlər hazırlanıb.

M.Qəhrəmanlının sözlərinə görə, QHT rəhbəri kimi belə proqramların hazırlanmasına üç dəfə rəsmi qaydada pul ödəyib: iki dəfə 500 manat və bir dəfə 450 manat. Buna görə qəbz alıb və bunlar da istintaqa təqdim olunub.

Ə.Orucov deyib ki, M.Qəhrəmanlıdan alınan məbləğdən vergi ödənilib.

Şahid Alış Abdulla deyib ki, könüllü olaraq telekanal ilə əməkdaşlıq edib. Məqsədi jurnalistika praktikasına yiyələnmək olub.

Növbəti iclas oktyabrın 24-nə təyin edilib.

Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, şahidlərin heç biri Ə.Orucovun əleyhinə ifadə verməyib. Onun sözlərinə görə, Ə.Orucova qarşı irəli sürülən ittihamlar əsassızdır.

Əslində Ə.Orucov "Kanal-13"də "alternativ fikir daşıyıcılarına" efir ayırdığına görə siyasi təqiblərə məruz qalıb.

XS
SM
MD
LG