Accessibility links

Vergilər Nazirliyi Turan agentliyində yoxlama və sanksiyalar haqda qərarını ləğv edib


Turan İnformasiya Agentliyi
Turan İnformasiya Agentliyi

Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinin iki şikayətini təmin edib: vergidən yayınma haqda qərarın ləğvi, həmçinin avqustun 16-da keçirilən 2010-2017-ci illər üçün səyyar vergi yoxlamasının etibarsız tanınması və qanunsuz təyinatı barədə.

Noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üçün səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə rəsmən bəyan edilmiş 6 noyabr tarixli qərar agentliyə noyabrın 13-də daxil olub.

Ancaq agentlik 38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb.

Sonuncu dəfə Turan noyabrın 6-da Vergilər Nazirliyinə müraciət edərək 2010-2017-ci illər üçün vergi yoxlaması barədə qərarın qanunsuz olduğunu bildirib.

Yeni yaranmış vəziyyətlə əlaqədar Turan agentliyi noyabrın 10-da təsərrüfat-maliyyə fəaliyyətini bərpa etməsi barədə Vergilər Nazirliyini məlumatlandırıb.

Agentlik cinayət işinə xitam verilməsi barədə qərarı indiyədək almayıb, baxmayaraq ki, bu yaxınlarda Baş Prokurorluğa müraciət edib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq tərəfindən təsdiqlənib.

Lokal Gəlirlər Departamenti avqustun 7-də Turan agentliyini 2014-2016-cı illər üçün 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Sentyabrın 1-dən agentlik təsərrüfat-maliyyə fəaliyyətini rəsmi olaraq dayandırıb.

XS
SM
MD
LG