Accessibility links

Proses noyabrın 17-də davam edəcək

Noyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işi üzrə məhkəmə davam edib.

Xatırladaq ki, sentyabrın 29-da Azərbaycan Ali Məhkəməsi M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və şikayəti Apellyasiya Məhkəməsinə qaytarıb.

M.Hüseynovun həbsinə onun bu ilin yanvarında polis idarəsində işgəncəyə məruz qalması barədə bəyanatları səbəb olub. Buna cavab olaraq Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan haqqında iddia qaldırıb.

Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

Bu gün M.Hüseynov ifadə verərək böhtan ittihamını rədd edib. Onun sözlərinə görə, əksinə, onun özü böhtana məruz qalıb.

Bloger bildirib ki, yanvarın 9-da Bakının mərkəzində onu oğurlayıblar və 40-50 dəqiqə şəhərdə gəzdiriblər. Sonra Nəsimi polisində döyülüb, ləyaqətini alçaldan hərəkətlərə məruz qalıb. Bundan sonra polisə “təcili tibbi yardın” çağırıblar.

Blogerin sözlərinə görə, onun oğurlanması prosesi “təhlükəsiz şəhər”in videomüşahidə kamerasına düşməlidir. Bundan əlavə, ona olan fiziki təzyiqlər də Nəsimi polisinin kameralarında qeydə alınıb.

M.Hüseynov qeyd edib ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri seçildikdən və bəzi yüksək vəzifəli məmurların və deputatların dəbdəbəli villaları haqda reportajlar hazırladıqdan sonra onu daim izləyiblər.

Onun “Sancaq” satirik bloqunun 1 milyona yaxın izləyicisi var.

Dekabrın 26-da bərbərxanadan çıxarkən naməlum bir şəxs onun çiynindən toxunaraq davaya cəlb etmək istəyib. Ancaq M.Hüseynov qaça bilib. O, polisə müraciət etsə də həmin şəxsin kim olduğunu müəyyən etməyiblər.

Ancaq ittihamçının nümayəndəsi Əlirza Əbilov bildirib kii, M.Hüseynovun həbsi onun bloger fəaliyyəti ilə bağlı deyil. O deyib ki, M.Hüseynovun bloqu fəaliyyətini davam etdirir və daha da yaxşı olub. Bu, zaldakılarda gülüş doğurub.

M.Hüseynov “şüşə qəfəs”də krossvord həll edərək Ə.Əbilova məhəl qoymadığını göstərib.

Vəkil Fuad Ağayev Nəsimi polisinin videomüşahidə kamerasındakı görüntülərə baxılmasının vacibliyini bildirib. O qeyd edib ki, əgər işgəncə yoxdursa, niyə polis kameradakı qeydləri təqdim etmir.

Hakim iddiaçının – Nəsimi polisinin rəisi Musa Musayevin məhkəməyə çağırılması və videomüşahidə kamerasındakı qeydlərə dair sorğu ilə bağlı müdafiə tərəfinin vəsatətlərinə baxmaq üçün 17 noyabr saat 15:30-dək fasilə elan edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG