Accessibility links

Məhkəmə Vergilər Nazirliyinin Turan agentliyinə qarşı iddiası ilə bağlı qərarı ləğv edib


Mehman Əliyev

Dekabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədova Vergilər Nazirliyinin Lokal Vergilər Departamentinin Turan agentliyinə qarşı yenidən 38 min manat borc və cərimə hesablanması haqqında 15 sentyabr 2017-ci il tarixli qərarını ləğv edib.

Noyabrın 8-də Vergilər Nazirliyi Turan agentliyinə 38 min manatdan çox vergidən yayınma və cərimə iddiasının tamamilə qaldırıldığı haqqında bildiriş göndərib. Agentlik iddianın ləğvi haqqında qərarın təqdim edilməsini tələb edib, amma Vergilər Nazirliyi buna ehtiyac olmadığını qeyd edərək, qərarı təqdim etməkdən imtina edib.

Agentlik məhkəməyə ərizə verib. Üç məhkəmə iclası keçirilib və hər dəfə hakim Vergilər Nazirliyinə qərarı təqdim etməyi təklif edib. Nəhayət, bu gün o, 15 sentyabr tarixli yenidən borc hesablanması haqqında qərarın ləğvi haqqında qərar çıxarıb. Agentliyin direktoru Mehman Əliyev məhkəmənin bu qərarından razılığını ifadə edib.

Məlum olduğu kimi, Bakı şəhəri Lokal Vergilər Departamenti avqustun 7-də agentliyi 2014-2016-cı illərdə 27 min manatdan çox vergi borcunun ödənilməsindən yayınmaqda ittiham edib. Cərimələrlə birlikdə ümumi məbləğ 38 min manatdan çox olub. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən kənara çıxmamaq haqqında iltizam alınaraq, o, azad edilib. Elə həmin gün Vergilər Nazirliyi öz qərarı ilə 38 min manat borcdan yayınma və cərimə ittihamını ləğv edib.

Oktyabrın 30-da cinayət işinə xitam verilib və noyabrın 2-də Baş Prokurorluq bunu təsdiq edib.

Agentlik noyabrın 6-da Baş Prokurorluğa müraciət etsə də, indiyədək cinayət işinə xitam verilməsi haqqında qərar təqdim edilməyib.

XS
SM
MD
LG