Accessibility links

İqtisadi-İnzibati Məhkəməsi baş redaktorun iddiasını təmin etmədi


Namiq Cəfərli
Namiq Cəfərli

Baş redaktor Daxili İşlər Nazirliyi və Dövlət Təhlüksizlik Xidmətinə müraciət edəcək

Dekabrın 22-də 1 saylı İqtisadi-İnzibati Məhkəməsi infoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasını təmin etməyib.

Bu ilin avqustun 18-dən etibarən adıçəkilən sayta Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.

Meydan TV-nin məlumatına görə, Namiq Cəfərli cavabdeh qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verib.

Prosesdə iştirak edən nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədov iddia edib ki, saytın bloklanmasında müdafiə etdiyi qurumun heç bir rolu yoxdur.

Onun sözlərinə görə, nazirlik hansısa müraciət əsasında internet resurslarına blok qoya bilər.

“İnfoaz.org saytı barədə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə hər hansı müraciət daxil olmayıb”.

Hakim Aygün Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Namiq Cəfərlinin iddiası təmin olunmayıb.

Namiq Cəfərli bildirib ki, qərardan apelyasiya şikayəti verməklə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlüksizlik Xidmətinə müraciət edəcək.

“Nazirliyin nümayəndəsinin səmimiliyinə şübhə edirəm. Lakin bununla belə onun dediklərinə əsaslanaraq DİN və DTX-ə müraciət edəcəm. Əgər həqiqətən də nazirliyin bu işdə rolu yoxdursa, deməli, ortada kibercinayətkarlıq faktı var. Ümid edirəm ki, müraciət edəcəyim hüquq-mühafizə orqanları bu faktı araşdıracaq. Paralel olaraq apelyasiya şikayəti də verəcəm”, baş redaktor bildirib.

Namiq Cəfərlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova da qərardan narazı olduğunu bildirib.

Vəkil bildirib ki, Azərbaycanda saytların bloklanmasl ilk hal deyil.

“Bundan əvvəl də saytlar bloklanıb və bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirib. Ona görə də apelyasiya şikayəti verəcəyik”, o qeyd edib.

XS
SM
MD
LG