Xural qəzetinin baş redaktoru, keçmiş vicdan məhbusu Əvəz Zeynallı Amerikanın Səsinə müsahibəsində mətbuat azadlığı və intellektual jurnalistikadan danışıb.
Amerikanın Səsi: Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd edilir. Beynəlxalq qiymətləndirmədə Azərbaycan mətbuat azadlığına görə dünyada 163-cü yerdədir. Sizin fikriniz necədir?
Əvəz Zeynallı: Məncə beynəlxalq qiymətləndirmə hələ yaxşıdır. Bizdə bu qayda ilə, bu rejimlə, bu şərtlərlə mətbuat azadlığı daha aşağı olmalıdır. Bizdən sıraca aşağı ölkələr varsa buna, təəccüb edirəm. Biz ən axırda olmalıyıq.
Amerikanın Səsi: Beynəlxalq Əfv təşkilatı Azərbaycanda ondan çox jurnalist və blogeri “vicdan məhbusu” elan edib. Sizcə jurnalistlərin və blogerlərin həbsinin səbəbləri nədir?
Son illərdə jurnalistlər və blogerlər hər zaman hədəfdə olub.
Əvəz Zeynallı: Azərbaycanda son illərdə jurnalistlər və blogerlər hər zaman hədəfdə olub. Bunun ən əsas səbəblərindən biri budur ki, Azərbaycanda vuruşan, mübarizə aparan, hakimiyyəti aktiv şəkildə narahat edən, hakimiyyətin planlarını pozan və onların yaratdığı sistemin alternativini yaratmaq cəhdi hər zaman jurnalistlər və blogerlərdən gəlib. O baxımdan, jurnalistlər və blogerlər həmişə həbsdədir. Bu, alterrnativ fikrin, alternativ düşüncənin, alternativ medianın qarşısını almaq üçün hakimiyyətin oynadığı ən önəmli rollardan biridir. Jurnalistlərin və blogerlərin hədəfdə olmasının ən vacib səbəblərindən biri budur. Bu, keçmişdə də belə olub, indi də belədir, məncə gələcəkdə də belə olacaq.
Amerikanın Səsi: Ölkədə jurnalistlərin məlumat mənbələrinə çıxışı üçün imkanlar varmı? Tənqidi medianın qorunması istiqamətində hansı işlər görülür?
Tənqidi medianın təhlükəlilik əmsalı getdikcə artır.
Əvəz Zeynallı: Bizim məlumat mənbələrinə çıxış imkanlarımız çox məhduddur. Azərbaycanda getdikcə həm qanunlar sərtləşdirilir, həm də məlumat imkanlarına çıxış yolları bağlanır. Qanunlardakı son dəyişikliklərə görə, Azəərbaycan jurnalistləri hətta ciddi iqtisadi, maliyyə qaynaqlarına, - hər hansı korporasiyaya, hər hansı şirkətə, hər hansı böyük holdinqə belə çıxa bilmir. Bunu qanun məhbudlaşdırır. Qanun hər şeyi şəxsin özünə aid hesab edir. Ona görə də medianın məlumat mənbələrinə çıxışı məhdudlaşdırılır. Tənqidi medianın qorunma dairəsi də getdikcə azalır. Əksinə, tənqidi medianın təhlükəlilik əmsalı getdikcə artır. İndi həm araşdırma, həm məlumatları əldə etmək, həm arxivlərə girmək çətindir, - bütün bunlar Azərbaycan mediasının üzərinə qapıları qapadır. Tənqidi medianın imkanları nəinki genişləndirilir, nəinki qorunur, əksinə bağlanır. Azərbaycan hakimiyyəti tənqidi media üçün iki yol saxlayır. Tənqidi medianın nümayəndələri müəyyən vədlər və hədiyyələr müqabilində hakimiyyətin tərəfinə keçməlidir, ya da onun yolu həbsxanadan keçir. O baxımdan Azərbaycanda tənqidi medianın imkanları həddindən artıq qapadılır.
Amerikanın Səsi: Misal olaraq kimlərin adlarını çəkə bilərsiniz?
Əvəz Zeynallı: Məsələn, Turan İnformasiya Agentliyinin başına gətirilənlər, agentliyin direktoru Mehman Əliyevin həbs olunması və sonradan həbsdən buraxılması. Məsələn, “Kanal 13”-ün rəhbəri Əziz Orucovun həbsi, blogerlərin və jurnalistlərin həbsi. Bunların içərisində jurnalist Seymur Həzi, bloger Rəşad Ramazanov və digərlərini saymaq olar. Yəni tənqidi medianın imkanları və səsi ucaldıqca dərhal həmin media nümayəndəsi ya həbsxanaya gedir, ya da həmin media resursu bağladılır. Yaxud bizim həbsxanadan çıxan bəzi jurnalist və blogerlər kimi hakimiyyətin tərəfinə keçir.
Amerikanın Səsi: Mətbuat azadlığının, intellektual jurnalistikanın genişləndirilməsi istiqamətində hansı addımlar atılmalıdır?
Azərbaycanda islahatlar media azadlığından başlamalıdır.
Əvəz Zeynallı: Bu, Azərbaycan hakimiyyətinin üzərində ən ciddi durmalı, düşünməli olduğu bir sahədir. Azərbaycanda islahatlar olacaqsa (prezident seçkilərindən sonra da islahatlar gündəmdədir) bu, media azadlığından başlamalıdır. Xüsusilə də tənqidi, alternativ mediadan başlamalıdır. Ölkədəki mövcud şəraitdə hakimiyyətin təsis etdiyi media qurumları ilə (məsələn, Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu) medianın nə iqtisadi, nə də intellektual gələcəyi olmayacaq. Məncə ölkədə yeni alternativ media qurumlarlı yaradılmalıdır. Alternativ media qurumları Azərbaycanda media təhlükəsizliyinin, media resurslarının inkişafı baxımından çox mühüm rol oynayacaq. Bizim son vaxtlar elan etdiyimiz Media Klubu da, məhz, o istiqamətdədir. Fikirləşirəm ki, Azərbaycanda müstəqil və alternativ media resursları hazırda çox azdır. Bunlar Turan agentliyi, Kanal 13 internet televiziyası, Meydan.tv, “Azad söz”-dür, Facebookda da alternativ səhifələr var. Amma alternativ media təşkilatlanmasa, ən əsası da hakimiyyətin bu, alternativ medianın təşkilatlanmasına dəstəyi olmasa medianın gələcəyi çox təhlükədədir.
Qeyd: Azərbaycan rəsmiləri ölkədə media azadlığının tam təmin edildiyini bəyan edir. Onların fikrincə, Azərbaycanda bütün insanlar qanun qarşısında bərabərdir və heç kim fikrinə, baxışlarına görə həbs edilmir.