Bastainfo.az saytının rəhbəri, Müsavat Partiyasının Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəyli artıq dördüncü gündür Bakı şəhər Prokurorluğunda dindirilir. Bu barədə Müsavat Partiyasından Amerikanın Səsinə bildiriblər.
İyulun 11-də Hacıbəyli 10 saat prokurorluqda saxlanılıb. İyulun 12-də isə saat 12-dən Bakı şəhər Prokurorluğunda dindirlir. Artıq 5 saatdan çoxdur ki, o, prokurorluqdadır.
Müsavat Partiyasından bildiriblər ki, iyulun 13-də bastainfo.az saytı ilə könüllü əsasda əməkdaşlıq edən Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah Bakı şəhər Prokurorluğuna dəvət edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.