Accessibility links

Aqil Ələsgər artıq evindədir


Jurnalsit Aqil Ələsgər artıq evindədir. Bu barədə yeniçağ.az saytından avqustun 1-də Bakı vaxtı ilə saat 10.40-da Amerikanın Səsinə bildiriblər.

Bununla yanaşı, onun saxlanılmasının səbəbləri, nə vaxt azad buraxılması barədə suallara cavab verməyiblər. Jurnalsitin telefonu hələ də qapalıdır.

Yenicag.az saytı, bu saytın rəhbəri Aqil Ələsgərin iyulun 30-da naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb.

Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində telefonla danışıb.

“Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab vermədi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov facebook səhifəsində yazıb ki, Aqil Ələsgər Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Aqil Ələsgər FETÖ təşkilatına qarşı olan yazıları ilə məşhurdur. O bu mövzuda kitab müəllifidir. Jurnalist son günlər öz facebook bloqunda Bakıda keçirilən Jara festivalı ilə bağlı da statuslar yazıb.

Ələsgərin saxlanılmasının səbəbləri ilə bağlı nə rəsmi qurumlar, nə də onun özü hələ açıqlama verməyib.

XS
SM
MD
LG