"APA Holdinq" MMC-nin rəhbəri Vüsalə Mahirqızı avqustun 1-dən şirkətə daxil olan saytların girişinə məhdudiyyət yaranmasına münasibət bildirib.
V.Mahirqızı Facebook səhifəsində yazıb ki, saytların fəaliyyətini şirkətin özü dayandırıb:
"Müəyyən problemlər yarandığına görə "APA Holdinq"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək".
V.Mahirqızının özü telefon zənglərinə cavab vermədiyindən, məsələ ilə bağlı əlavə məlumat almaq mümkün olmayıb.
Avqustun 1-də axşam saatlarından "APA Holdinq" MMC-yə daxil olan APA, Lent.az və APA Sport kimi bir sıra saytların internetdə girişi tam məhdudlaşdırılıb.
Saytlar giriş məhdudlaşdırıldıqdan az öncə APA agentliyi bir təkzib yayıb. Orada bildirirdi ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib. Təkzibdə vurğulanırdı ki, dövlət başçısının "Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq" sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq "Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik" kimi təqdim edilib.