Accessibility links

az24saat.org saytına giriş bloklanıb


az24saat.org saytı
az24saat.org saytı

Səbael rayon Məhkəməsi az24saat.org xəbər saytına girişin bloklanmasına qərar verib. Qərarı avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Bu barədə haqda saytın rəhbəri Vuqar Qurdqanlı məlumat yayıb.

O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yadığını bildiriblər. Söhbət "Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər" və "Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi" başlıqlı yazılardan gedir. Bundan başqa "İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ Həsənovdur?" və "APA-nı kim, niyə bağladı?" sərlövhəli məqlələrin də böhtan məzmunlu olduğu bildirilib.

Nazirlik nümayəndələri həmin yazıların saytdan çıxarılması üçün sayt rəhbərliyinə xəbərdalrıq edildiyini, ancaq xəbərdarlığa əməl edilmədiyini qeyd ediblər. Onlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununa əsaslanaraq, sayta girişin məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmə yekunda az24saat.org xəbər saytına girişin məhdudlaşdırılmasına qərar verib.

Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət verəcək.

Bununla yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti arqument.az saytına da xəbərdarlıq göndərib.

arqument.az saytı
arqument.az saytı

Arqument.az saytının rəhbəri Şəmşad Ağa bildirib ki, Elektron Təhlükəsizlik Xidməti “Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər” və “Rayon sakinləri: İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır” sərlövhəli məqalələrin saytdan çıxarılmasını istəyir. Onun sözlərinə görə yazılar rayonlardakı sosial problemlərdən bəhs edir.

“Bildirilir ki, yazılar silinmədiyi təqdirdə məhkəməyə müraciət ediləcək", - Ş.Ağa deyib.

O, sayta xəbərdarlıq edilməsini siyasi sifariş, mediaya basqı kimi dəyərləndirib.

Azərbaycanda saytların bloklanmasına, əsasən, 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbael rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosunun, "Azadlıq" qəzetinin, MeydanTV-nin, TuranTV-nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarından gedir.

Bundan sonra ölkədə daha bir neçə saytın da girişinə məhdudiyyət qoyulduğu açıqlanıb. Bu il avqustun 1-dən etibarən isə "APA Holdinq" MMC-yə daxil olan saytlara giriş mümkün deyil. Şirkət rəhbərliyi bu addımı müəyyən problemlərlə bağlı özlərinin atdığını açıqlayıb. Amma, saytbağlanmamışdan öncə prezidentin çıxışının yayılmasında yanlışlıq olduğuna görə üzr istəyib.

XS
SM
MD
LG