Accessibility links

Baş redaktor təqib edildyini bildirib


Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev dövlət başçısı İlham Əliyevə müraciət edərək onun müdafiəsinin təmin olunmasını xahiş edib. O, müraciətdə yazıb ki, son günlər naməlum şəxslər tərəfindən təqib edilir.

"Etibarlı mənbələrdən aldığım məlumatlara görə, güc qurumları qondarma ittihamlarla mənim həbsimi razılaşdırıb", E.Əliyev yazır.

Öz fəaliyyətində dövlət maraqlarını hər bir şeydən üstün saydığını deyən sayt rəhbəri bu məqsəddən geri çəkilmək niyyətinin olmadığını vurğulayıb.

E.Əliyev hesab edir ki, mövqeyinə görə dövlətin qanunlarına sayğısızlıq edən oliqarx məmurların qəzəbinə tuş gəlib və məqsədli şəkildə növbəti təxribatla üzləşmək zorunda qalıb.

Bundan öncə, sentyabrın 6-da E.Əliyev bildirmişdi ki, haker hücumları nəticəsində Aztoday.az saytı dağıdılıb.

O qeyd edib ki, Aztoday.az saytı bundan öncə də haker hücumlarına məruz qalıb və hər dəfə bu, SOCAR haqqında tənqidi yazıların dərcindən sonra baş verib.

İndiki hücum 2013-cü ildə SOCAR-ın maliyyələşdirməsi sayəsində amerikalı konqresmənlərin Azərbaycana səfərinin təşkilində əli olan Kemal Öksüzün ABŞ-ın sorğusu əsasında Ermənistanda saxlanılması, həmçinin Azərbaycan Demokrat Partiyasının Dövlət Neft Şirkətinin prezidentinə qarşı cinayət işinin qaldırılmasını tələb etməsi barədə məlumatların dərcindən sonra baş verib.

E.Əliyevin sözlərinə görə, Aztoday.az 2017-ci ilin noyabrında Azərbaycan ərazisində bloklanıb. Onun fikrincə, bu, Azərbaycan prezidentinin köməkçisinin göstərişi ilə baş verib. May ayında sayta giriş açılıb.

Öz növbəsində rəsmi qurumlar hələ baş redaktorun müraciətinə və iddialarına münasibət bildirməyib.

XS
SM
MD
LG