Accessibility links

“Əfqan Muxtarlını bir saatadək yağışın altında saxlayıblar”, jurnalistin həyat yoldaşı deyir


Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlı oktyabrın 7-də bir saatadək yağışlı havada saxlanılıb. Buna Muxtarlının cərimə təcridxanasına salınarkən çirlki paltarları geyinməkdən imtina etməsi səbəb olub. Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.

Onun sözlərinə görə, jurnalisti guya tibb məntəqəsinə icazəsiz getdiyinə görə karsa (cərimə təcridxanası) salmaqla cəzalandırıblar.

“Təəssüf ki, Əfqanın işgəncəyə məruz qaldığı doğrudur. Oktyabrın 7-də tibb məntəqəsinə guya icazəsiz getdiyinə görə onu karsa salıblar. Karsa salınarkən geydirilən paltarlar çirkli, iyili-qoxulu olduğundan o, paltarları geyinməkdən imtina edib. Bundan sonra Əfqanı bir saatadək yağışın altında saxlayıblar. O, yağışın altında saxlanmasından əvvəl mənə bildirmişdi ki, bel və kürək nahiyyələrində ağrılar var. Həkim müayinə edib dərman yazmışdı. Sağlamlığında problemlər ola-ola, müalicə aldığlı halda yağışın altında saxlayıblar. Əslində tibb məntəqəsini tərk etməsi onun cəzalandırılması üçün bir bəhanə olub. Onu Məmməd İbrahimin yastığının altına bıçaq qoyulduğuna etiraz etdiyinə görə cəzalandırıblar. Əfqanın özü bu fikirdədir”, Leyla Mustafayeva qeyd edib.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Həbs cəzasının başa çatmasına iki gün qalmış, 2018-ci il sentyabrın 28-də AXCP sədrinin müşavirinə qarşı qadağan edilmiş əşyanın (kəsici-deşici alət) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edib.

“Cəzaçəkmə müəssisələrində bütün məhbuslar qanunvericilik və daxili intizam qaydalarına uyğun saxlanılır. Əfqan Muixtarlının işgəncəyə məruz qalması və yağışın altında saxlanılması ilə bağlı deyilənlər isə tam yalandır”, Sadıqov Amerikanın Səsinə bildirib.

Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, Muxtarlının özü isə Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.

Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Amnesty İnternational hüquq müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" elan edilib.

XS
SM
MD
LG