Accessibility links

Yazıçı-publisist Rafiq Tağının ölümündən 7 il keçir


Noyabrın 23-də yazıçı, jurnalist, həkim Rafiq Tağının ölümündən 7 il keçir.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun boynuna, qarnına və çiyninə bir neçə bıçaq xəsarəti yetirib və qaçıb gizlənib. Publisist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və üç gün sonra - noyabrın 23-də dünyasını dəyişib.

Publisistin qətli və qətlin motivi indiyədək açılmayıb.

O, ölümündən az əvvəl bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.

Ancaq İranın Bakıdakı səfirliyi bu iddianı inkar edib. Səfirliyin həmin günlər yayılan bəyanatında vurğulanırdı ki, bu olayın bəzi kütləvi informasiya vasitələrində İranla bağlanması təxribatdır.

Üstəlik, Azərbaycan hüquq-mühafizə orqanlarının bu cinayət işi ilə bağlı istintaqı, hələ ki, müsbət nəticə verməyib. Qatil və ya qatillər, qətlin sifarişçiləri məsuliyyətə cəlb edilməyib.

Onun ailəsindən bildirildiyinə görə, dəfələrlə hakimiyyət orqanlarına bununla bağlı müraciət etsələr də, işdə dönüş olmayıb.

Peşəcə həkim olan Rafiq Tağı eksentrik nəşrləri ilə məşhur idi. 2006-cı il noyabrın 15-də o, "Sənət" qəzetində Qərbdə bir sıra nəşrlərdə Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunması ilə bağlı qalmaqala həsr olunmuş "Avropa və biz" essesini dərc edib.

2006-cı il noyabrın 19-da Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu məhkəmənin hökmü ilə Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılaraq (Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi - milli, irqi və dini ayrı-seçkilik) həbs edilib.

2007-ci il mayın 4-də Səbail rayon Məhkəməsi onu üç il, Samir Sədaqətoğlunu isə dörd il müddətinə azadlıqdan məhrum edib.

Yazıçı ancaq 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxa bilib.

O zaman iranlı Ayətullah Fazil Lənkərani Məhəmməd Peyğəmbəri təhqir etdiyi iddiası ilə onun ölümünə fitva vermişdi. O, Məhəmməd Peyğəmbəri təhqir etdiyi fikri ilə razılaşmırdı.

2011-ci il noyabrın 10-da R.Tağının "İran və qloballaşmanın qaçılmazlığı" adlı məqaləsi çap olunmuşdu. Noyabrın 19-da isə o, bıçaqlanmışdı.

XS
SM
MD
LG