Accessibility links

Ali Məhkəmə Nardaran hadisələri zamanı həbs edilmiş bir qrup şəxsin şikayətinə baxacaq


Nardaran işi məhkəməsi
Nardaran işi məhkəməsi

Nardaran hadisələri zamanı həbs olunmuş Sahil Rzayev və digər 5 nəfərə bəraət istənilir. Vəkilləri Bakı Apellyasiya Məhkəməsinin onların barəsində çıxardığı qərardan kassasiya şikayəti verib.

"Hesab edirik ki, aşağı məhkəmələrin onların barəsində verdikləri qərarlar qanunsuz və əsassızdır. Buna görə, Ali Məhkəmədən bəraət verilməsini xahiş etmişik", vəkil Elçin Sadıqov deyib.

Onun sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasında icraata qəbul edilib. Şikayətə hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə heyəti noyabrın 28-də baxacaq.

Dövlət qeydiyyatı olmayan "Müsəlman Birliyi" Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran hadisələri zamanı həbs olunub. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

Sabunçu rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib.

Mayın 8-i Bakı Apellyasiya Məhkəməsi Sahil Rzayev və digərlərinin apellyasiya şikayətini rədd edib.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

XS
SM
MD
LG