Accessibility links

İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan şəxslərə hökm oxunub


 Dayəlik işi üzrə məhkəmə prosesi gedir
Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Vəkil apellyasiya şikayəti verəcəyini deyib

Fevralın 5-də hakim Eldar İsmayılovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Faiq Qurbanov və Seymur Rzazadənin cinayət işi üzrə məhkəmə hökm çıxarıb.

Faiq Qurbanovun vəkili Anar Qasımlının Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilənlər Faiq Qurbanov 14, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Anar Qasımlının sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Faiq Qurbanov özünü təqsirli bilməyib, Seymur Rzazadə isə ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.

Vəkil apellyasiya şikayəti verəcəyini də deyib.

Noyabrın 25-də Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi başlayıb.

İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və s. kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Seymur Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.

Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

XS
SM
MD
LG