Accessibility links

“Dedilər yaz ki, Fethullah Gülenlə birbaşa telefon əlaqən olub”


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

"Tələb edirdilər ki, Fethullah Gülenin tərəfdarı olduğumu, Türkiyədəki çevriliş cəhdini dəstəklədiyimi, bu cəhdin Azərbaycanda da təkrarlanmaq ehtimalı üzərində dayandığımı deyim. Bu cür gic-gic şeylər yazmaq tələb olunurdu. Onların dediyini yazmaq, imzalamaq üçün 49 dəfə "dubinka" ilə başıma, cinsiyyət orqanıma, ayaqlarıma zərbələr endirdilər".

AzadlıqRadiosunun məlumatına görə, bunları həbsdə olan NİDA-çı fəal Elgiz Qəhrəman dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

"Şahlar Cəfərov cibimə narkotik atdı"

Heç bir günahı olmadan həbsdə saxlanıldığını deyən Elgizin sözlərinə görə, 131 gün – 3 min 144 saatlıq azadlıqdan məhrum edilməsinin səbəbi, hələ də, ona aydın deyil.

İfadəsində Türkiyədə təhsil almasından, orada diaspor fəaliyyətindən də danışan gənc fəal ona verilmiş narkotik ittihamına gəlincə, bunları deyib: "Avqustun 12-də günorta işdən çıxdım, 10 metr gedəndən sonra üç nəfər məni tutub maşına tulladı. Faktiki, məni oğurladılar. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çatanda bildim ki, bunlar kimdi. Əllərim arxadan qandallanmışdı. Məni şöbə müdiri Kərim Əlimərdanovun otağına apardılar. Soruşdum ki, "məni niyə gətirmisiz bura?" Dedilər ki, "bir azdan biləcəksən". Sonra əməliyyat müvəkkili Şahlar Cəfərov cibimə narkotik atdı".

Elgiz Qəhrəman deyir ki, onu döyüblər, narkotikin ona məxsus olduğunu boynuna almasa, evlərinə yarım kiloqram heroin və silah qoymaqla hədələyiblər. Cibindən işlədiyi ofisin açarını götürüb, oradan kompüterini idarəyə gətiriblər, "Facebook"dakı şəxsi səhifəsini araşdırıblar: "Səhifəmdə əsasən Türkiyə ilə bağlı yazıların linkləri idi. Paylaşdığım bir yazı Azərbaycana aid idi. Əli Əhmədov Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma münasibət bildirərkən demişdi ki, "Şah İsmayıl da 14 yaşında hakimiyyətə gəlib". Mən də "özü yox, ömrü oxşasın" başlığıyla həmin yazının linkini paylaşmışdım".

"Bunlar elə biliblər ki, mən böyük bir təşkilatın rəhbəriyəm"

Gənc fəalın sözlərinə görə, onun həbsindən sonra "bandotdel" əməkdaşları evlərinə gedib Səid Nursinin kitablarını atıblar, sonra da onun götürülməsini protokollaşdırıblar: "Absurd bir təklif irəli sürdülər, dedilər, "yaz ki, Fethullah Gülenlə birbaşa telefon əlaqən olub". Dedim, istəyirsiz, lap mesajlaşdığımızı da yazım. Mənə bu barədə ərizə yazdırdılar, kamera önündə danışdırdılar. Amma sonra nə fikirləşdilərsə, bu barədə ittiham vermədilər. Orada mənə qarşı şərəf və ləyaqəti alçaldan çox davranışlar olub, sadəcə, bu barədə danışmaq istəmirəm".

Elgiz Qəhrəman həbsinin əsl səbəbini bilmədiyini desə də, ehtimal etdiyi versiya var: "Mənim paylaşdığım statusda heç bir təhqir yox idi. Ona görə başqa bir ehtimalım da var. Dostlarım mənə zarafatyana "Elgiz başqan" deyirdilər. Bəlkə bunlar elə biliblər ki, mən böyük bir təşkilatın rəhbəriyəm".

"O iki nəfər mütləq bura gəlsin"

Məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı - Kamil Məmmədov və Mehman Teymurov, eləcə də hal şahidləri Rəşad Musayev və Tural Rəsulov da dindirilib. Kamil Məmmədov deyir ki, Elgizin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat alıb, onu rəhbərliyə məruzə eləyəndən sonra əməliyyat keçirib onu saxlayıblar. Elgiz deyib ki, narkotiki evlərinin yaxınlığından tapıb.

Amma Elgiz Qəhrəman bu polisi yalan danışmaqda suçlayıb. Deyib ki, bu adam onu tutanlar arasında olmayıb, onu idarədə görüb, döyənlərdən biri də o olub.

Gənc fəal hal şahidlərini də saxlanılanda yox, idarədə gördüyünü bildirib. Yalnız Mehman Teymurovun onu tutanlardan biri olduğunu təsdiqləyib.

Daha sonra vəkil Fariz Namazlı BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanovun və baş əməliyyat müvəkkili Şahlar Cəfərovun məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

"O iki nəfərin mütləq burada dindirilməsini istəyirəm", – Elgiz Qəhrəman da vəkilinin vəsatətini müdafiə edib.

Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib.

Məhkəmə dekabrın 26-da davam edəcək.

Xatırlatma

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E.Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

XS
SM
MD
LG