Accessibility links

Məhkəmə müxalifət fəalını “səmimi” hesab etmir


Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin şikayəti üzrə ilkin iclas keçirilib.

M.İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə (maddə 221.1) (şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib) həbs olunub. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə (silah qismində istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) tövsif edilib.

Martın 15-də Nərimanov Rayon Məhkəməsi onu təqsirli bilərək 3 il azadlıqdan məhrum edib.

M.İbrahim cəzasının 1/3 hissəsini çəkməsilə əlaqədar cəzasının yüngülləşdirilməsi və məntəqə tipli koloniyaya köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ancaq noyabrın 25-fə Suraxanı Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Məhkəmə bu qərarı onunla əsaslandırıb ki, M.İbrahim məhbuslar arasında özünü “səmimi aparmır”.

Bu gün vəkil Yalçın İmanov Apellyasiya Məhkəməsi qarşısında vəsatət qaldırıb ki, həmin məhkumların şəxsiyyəti müəyyən edilsin və şahid qismində məhkəməyə çağırılaraq M.İbrahimin “qeyri-səmimiliyinin nədən ibarət olması” soruşulsun.

Vəsatət təmin edilməyib və şikayətə mahiyyəti üzrə baxılması dekabrın 29-na təyin olunub. Bu barədə vəkil Y.İmanov Amerikanın Səsinə bildirib.

Hüquq-müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG