Yanvarın 19-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiralı Şahin Sultanovun cinayət işi üzrə prosesdə müttəhim yekun sözlə çıxış edəcək. Eyni zamanda hökmün açıqlanacağı da mümkündür.
Məhkəmə iclası Nəsimi Rayon Məhkəməsində keçiriləcək.
Prokuror dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinən Ş.Sultanovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Telman Abdıyev Turan agentliyinə ittihamın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, iki il davam edən məhkəmə prosesi zamanı Ş.Sultanova qarşı ittiham öz təsdiqini tapmayıb.
T.Abdıyev qeyd edib ki, proses zamanı ciddi ziddiyətlər ortaya çıxıb və 200-dən çox şahidin ifadəsində uyğunsuzluq olub.
Onun sözlərinə görə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri etiraf ediblər ki, mənimsəmə və dövlətə ziyan vurulması iddiaları üzrə ekspertiza rəylərini heç bir ekspertiza və ya təhqiqat aparmadan Hərbi Prokurorluqdan verilən arayışlar əsasında hazırlayıblar.
Nəticədə məhkəmə bu ekspert rəylərini etibarsız hesab edib. Təkrar ekspertiza təyin edilib.
Təkrar ekspertiza materiallarında göstərilir ki, dövlətə heç bir ziyan vurulmayıb.
“Beləliklə, Hərbi Prokurorluğun tərtib etdiyi ittiham aktının qurama ekspert rəylərinə əsaslandığı təsdiqləndi”, vəkil deyib. Odur ki, 13 il həbs cəzası qanunlara ziddir, heç bir məntiqə sığmır.
Müdafiə tərəfi vitse-admirala bəraət verilməsini məhkəmədən xahiş edib və məhkəmənin ədalətli olacağına ümid edir.
Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin ilin dekabrında həbs ev dustaqlığı ilə əvəzlənib.