Accessibility links

Fuad Əhmədli: Mənim bir vəzifəm var - haqq, ədalət uğrunda mübarizə aparmaq


Fuad Əhmədli
Fuad Əhmədli

AXCP fəalının cinayət işi üzrə hazırlıq iclası olub

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı mayın 2-nə saat 10.30-a təyin edilib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətülla Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədlinin məhkəməsi
Fuad Əhmədlinin məhkəməsi

2017-ci il martın 6-da F.Əhmədlinin barəsində ittiham Cinayət Məcəlləsinin 302.1-ci maddəsindən (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) 308.1-ci maddəsinə (vəzifə səlahiyyətlərindən sui-istifadə) tövsif edilib.

F.Əhmədli ittihamı rədd edir. Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs gözləyirdisə, yeni maddə ilə onu 8 ilədək həbs cəzası gözləyir.

Bugünkü hazırlıq iclası zamanı zalda olan tərəfdarları Fuad Əhmədlini alqışlarla qarşılayıb.

Vəkil Əsabəli Mustafayev cinayət işinin icraatının dayandırılması, işə xitam verilməsi, Fuad Əhmədliyə bəraət verilməsi və nəhayətdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıb.

Dövlət ittihamçısı Anar Tarıverdiyev vəsatətlərin təmin edilməməsini istəyib və hakim vəsatətləri təmin etməyib.

Vəkil bildirib ki, Fuad Əhmədliyə qarşı irəli sürülən ittiham əsassızdır və istintaq qanunsuz aparılıb.

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

“Cinayət materiallarından görünür ki, Fuad Əhmədliyə ittiham elan edildikdən 6 ay sonra guya zərəçıkmişlər tapılıb. Zərərçəkmiş yox idisə, ittiham hansı əsasla irəli sürülüb? Guya müstəntiq zərərçəkənlərə məlumat verəndə onlar həyəcan keçirib. Həyəcan keçirilsə belə, bu cinayət tərkibi yaratmır. Amma Fuad Əhmədliyə qarşı irəli sürülən ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir. Bunlar istintaqın necə aparıldığından xəbər verir”, o qeyd edib.

Vəkil hesab edir ki, Fuad Əhmədli vəzifəli şəxs olmadığı halda ona qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

“Fuad Əhmədliyə qarşı 308-ci maddə ilə cinayət işi qaldırılması sadəcə absurddur. O, operator olub, zənglərə cavab verib. Onun hərəkətləri üçüncü şəxsə qarşı hüquqi məsuliyyət yaratmır və o vəzifəli şəxs sayıla bilməz. Əslində onda hər hansı məxfi və fərdlərə aid məlumat olmayıb. İstintaq materiallarında yazılır ki, Əhmədli məxfi məlumatlar toplanan avadanlıqla məlumat toplayıb. Onda yalnız abonentlərin ad-familiyası, telefon nömrələri olub. Bunlar açıq məlumatlardır. Şirkət isə hansı avadanlığı veribsə Fuad da həmin avadanlıqla işləyib”, Mustafayev qeyd edib.

Vəkil istintaq müddətinin 8 ay uzanmasından da narazıdır.

“İttiham aktında araşdırılmalı bir şey yoxdur. Amma istintaqı xüsusi olaraq 10 nəfərdən ibarət - tərkibində prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqləri olan istintaq qrupu aparıb. Bu qədər adam istintaq aparıb, amma ittiham sübut olunmayıb. Məhkəmənin də özünə əziyyət verməməsini, işə xitam verməsini xahiş edirəm”, Mustafayev deyib.

Fuad Əhmədli də ittihamın əsassız və sifarişli olduğunu bildirib.

“Mən vəzifəli şəxs deyiləm. Mənim bir vəzifəm var, haqq, ədalət uğrunda mübarizə aparmaq vəzifəm. Liderim də burada, zalda oturub”, deyərək o zalda olan AXCP sədri Əli Kərimlini göstərib.

Bu zaman sədrlik edən hakim Fikrət Qəribov Fuad Əhmədlinin sözünü kəsib və mahiyyəti üzrə danışmasını istəyib.

“Siz televiziyaya, qəzetə müsahibə vermirsiniz”, hakim deyib.

Fuad Əhmədli məhkəmədə özünü müdafiə etmək hüququnun olduğunu və çıxışını qurmaqda sərbəst olduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

Vəkilin müdaxiləsindən sonra Əhmədli çıxışını davam etdirib.

“Mən Azərfon”a işə qəbul olunarkən imza atmışam ki, şirkətdaxili məlumatları belə sosial şəbəkələrdə yaymayacam, üçüncü şəxsə verməyəcəm. Məlumatları yalnız birbaşa mənim işimə rəhbərlik edən Şahin Əfəndiyevə çatdırmışam. Həmçinin şirkətdaxili monitorinq qrupu işləyirdi, qaydaları pozma halı aşkarlandıqda həmin işçi inzibati qaydada cəzalandırılır və ya əmək haqqından kəsilirdi. Bunlar mənə qarşı baş verməyib", o qeyd edib.

Fuad Əhmədli həbsinin sifarişli olduğunu deyib.

“Buna sübut kimi deyə bilərəm ki, Apellyasiya Məhkəməsi hələ başa çatmamış müstəntiq zəng etdi ki, səninlə istintaq təcridxanasında istintaq hərəkətləri apacağıq”, o bildirib.

Fuad Əhmədli şüşə qəfəsdə olsa da Amerikanın Səsinin müxbiri onunla qısa söhbət edə bilib.

O, sağlamlığında problem olmadığını, saxlanma şəraitinin normal olduğunu deyib.

“Ancaq təcridxanada gecə saat 12-dən sonra razetkalara gələn elektrik cərəyanını kəsirlər. Bu səbədən də məhbuslar çay hazırlaya bilmir. Görünür elektrikin qiyməti bahalaşıb, qənaət rejimində işləyirlər”, Əhmədli Amerikanın Səsinə deyib.

Hazırlıq iclasından sonra vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, Fuad Əhmədlinin işində cinayət hadisəsi və cinayət tərkibi yoxdur.

“Səkkiz ay istintaq getdi, heç nə sübut edilmədi. Bir neçə iclas keçirməklə, məhkəmə də bunu sübut edə bilməz. Lakin bu, siyasi yönümlü bir işdir. Bunu o göstərir ki, Fuad Əhmədli həbs olunduğu ilk gündə Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun yaydığı məlumatda birbaşa göstərilib ki, Azərbaycan Xalq Cəbhəsinin üzvü Fuad Əhmədli həbs edilib. Göründüyü kimi, Əhmədlinin siyasi mənsubiyyətliliyi qeyd olunub. Bu özü də açıq-aşkar nümayiş etdirir ki, Fuad Əhmədli niyə həbs olunub, istintaq nə üçün aparılır”, o qeyd edib.

Vəkilin sözlərinə görə, yaxın zamanda Avropa İnsan Hüquqları Məhkəməsi Fuad Əhmədlinin qanunsuz həbsi ilə bağlı şikayət üzrə kommunikasiyaya başlayacaq.

AXCP-çilər məhkəmənin qarşısında
AXCP-çilər məhkəmənin qarşısında

AXCP sədri Əli Kərimli isə bildirib ki, Fuad Əhmədliyə qarşı başlanmış cinayət işi "repressiv rejimin" Azərbaycanın əqidəli, mövqeli, savadlı gəncliyi ilə mübarizəsinin bir epizodudur.

“Müxtəlif bəhanələrlə Azərbaycan gənclərini repressiyaya məruz qoyurlar. Ölkənin sərvətlərini talan edirlər. Korrupsiya virusu ilə bütün dünyanı yoluxdurub ölkəni bədnam edirlər”, o qeyd edib.

O, Fuad Əhmədlinin həbsinin səbəblərindən danışarkən deyib ki, həbsə səbəb onun ölkənin yaxşıya doğru dəyişməsi üçün mübarizə aparmasıdır.

“Azərbaycan gəncliyini bu yolla qorxutmaq istəyirlər. Amma reaksiyalar göstərir ki, onların bu cəhdi bumeranq kimi qayıdıb özlərinə dəyir. Fuad Əhmədlinin artan nüfuzu onu gəstərir ki, Azərbaycan gəncliyi mübarizə yolunu seçənləri seçir”, Kərimli qeyd edib.

Öz növbəsində, rəsmi Bakı ölkədə hamının qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə heç kimin həbs edilmədiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG