Accessibility links

"MTN işi"ndə zərərçəkmiş sabiq nazirin ifadə verməsini istəyib


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Mayın 4-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report agentliyinin xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər vəsatətlərlə çıxış ediblər.

Zərərçəkmiş Taleh Sadıqov təqsirləndirilən şəxslərə qarşı 500 min manat miqdarında mülki iddia qaldırdığını söyləyib. Digər zərərçəkmiş Aydın Cəfərov 50 min manat maddi, 40 min manat isə mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddia verib. O, təqsirləndirilən şəxslərlə yanaşı, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natavan Mirvətova və nazirliyin başqa bir əməkdaşı Elşad Əzizovun da mülki cavabdeh qismində tanınmasını istəyib.

Zərərçəkmişlər Ələsgər Əliyev 74 min, Maqsud Mahmudov isə 1 milyon 400 min manat miqdarında Elçin Əliyevə qarşı mülki iddia qaldırdıqlarını deyiblər. M.Mahmudov əmlakını bir günün içində 120 min manata satdığını ifadə edib.

Məhkəmə bütün mülki iddiaların icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edib.

Daha sonra, zərərçəkmiş Mətləb Mustafayev bir neçə vəsatətlə çıxış edərək, "Azercell" MMC-dən telefon danışıqlarının sürətinin tələb edilməsini istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

M.Mustafayev digər vəsatətində onunla əlaqədar olaraq, əvvəllər başlanılmış cinayət işi ilə bağlı daxil olan məlumatların E.Quliyevin məhkəmə qərarı olmadan axtarış aparmağı barədə sənədlərin Dövlət Təhlükəsizlik Xidmətindən tələb edilməsini, 22 nəfər şəxsin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib: "Həmin şahidlər arasında sabiq nazir Eldar Mahmudovun, Səbail və Nəsimi Rayon Məhkəməsinin hakimlərinin adları var. Əməliyyatın qurulması üçün əmri Eldar Mahmudov verib. Bu işdə MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev, onun müavini Təhsin Ağayev və digər əməkdaşlar da iştirak edib. Onların məhkəmədə dindirilməsini tələb edirəm. Çünkü bu şəxslərin qardaşım Malik Mustafayevin intihar etməsi ilə bağlı məlumatları olub”.

Məhkəmə kollegiyası vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.

Təqsirləndirilən A.Mehdiyevin vəkili Qubad Salayev vəsatətlə çıxış edib. O, müvəkkilinin əvvəllər məhkum olunmadığını, müsbət xarakterizə edildiyini, 10-dan çox ağır və ya xüsusi ilə ağır cinayətlərin üstünü açdığını qeyd edib.

Vəsatət təmin edilməyib.

A.Mehdiyevin vəkili zərərçəkmiş Maqsud Mahmudovun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib. O, Maqsud Mahmudovun 1993-1994-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə aldığını bildirib: "Maqdus Mahmudovun ərizəsi və ifadəsi əsasında Azər Mehdiyev həbs edilib. Biz bu şəxsin izahat və ifadələrinin obyektivliyinə şübhə ilə yanaşırıq. Onun 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alması ilə bağlı rəsmi sənəd almışıq".

Vəsatətə münasibət bildirən M.Mahmudov bildirib ki, Qarabağ döyüşlərində iştirak edib və bu səbəbdən də 1994-cü ildə müalicə alıb: "İkinci dəfə isə 7 gün orada müalicə almışam. Bunu da birdəfəlik pensiya almaqla bağlı etmişəm”.

E.Quliyev qeyd edib ki, Maqsud Mahmudov əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub. Onun sözlərinə görə, Maqsud Mahmudova pornoqrafik videolarla qadınları şantaj etməsi ilə bağlı cinayət işi açılıb: "Bu şəxs peşəkar şantajçıdır. Onun barəsində ekspertizanın keçirilməsinin tərəfdarıyam”.

Məhkəmə vəsatəti təmin etməyib.

E.Quliyevin vəkili vəsatət qaldıraraq məhkəmə istintaqının çəkilişlə aparılmasını tələb edib. E.Quliyev isə belə vəziyyətdə ifadə verə bilməməyəcəyini, prosesin qapalı keçirilməsini istəyib.

Həmçinin zərərçəkmiş, Xəzər Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Ələkbər Heydərov da iclasın qapalı keçirilməsini tələb edib.

Məhkəmə prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, lakin iclasın qismən qapalı keçirilməsi barədə qərar qəbul edib.

Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münaasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

E.Quliyevə ifadə vermək təklif edilsə də, o, hazırkı mərhələdə dindirilməsini istəməyib: "Mənim hər sözüm dövlət sirrini təşkil edir. Bizim əməkdalarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. Meşə qardaşları, Kamran Əsədovun dəstəsi, İŞİD, Əl-Qaidə digər terror şəbəkələri ilə əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram. Daha mənim adımı açıqlayıblar. Bu əməkdaşlarızın adını açıqlamaq düzgün deyil".

Digər təqsirləndirilən şəxs də susmağından istifadə etdiyini söyləyib.

Daha sonra zərərçəkmişlər ifadə verib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG