Accessibility links

Blogerin məhkəməsi yekunlaşır


Aleksandr Lapşin
Aleksandr Lapşin

İyulun 12-də bloger Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Almaz Bayramovanın çıxışından sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Bayramova müttəhimin vəkili Eduard Çerninin vəkaləti əsasında dindirilib.

O, Lapşinin nəşrlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar olduğu haqqında ekspert rəyi vermişdi.

Vəkil bu çağırışın konkret olaraq hansı ifadələrdə yer aldığını soruşub, buna cavabda ekspert deyib ki, Lapşinin "Ermənistan harada, Qarabağ orada" ifadəsində.

Vəkil başqa hansı ifadələrdə ərazi bütövlüyünə qarşı çağırış olduğunu soruşub. Ekspert cavab verib ki, Lapşin Dağlıq Qarabağı "Arsax" kimi təqdim edib, onun nəşrlərində region Ermənistan torpaqları kimi təqdim edilib.

O, həmçinin Lapşinin Azərbaycan Xarici İşlər Nazirliyinin işğal edilmiş ərazilərə qanunsuz səfər edən şəxslərin adları olan "arzuolunmaz şəxs siyahısı"nı ələ saldığını və dəfələrlə bu ərazilərə səfər edə biləcəyi haqqında bəyanatını qeyd edib.

Lapşin özü deyib ki, "Arsax" terminindən regionun erməni dilindəki adı kimi istifadə edib. Bundan başqa, "Ermənistan harada, Qarabağ orada" ifadəsində Qarabağın Ermənistanla coğrafi qonşuluğunu nəzərdə tutub.

Lapşin həmçinin qeyd edib ki, Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib.

Daha sonra vəkil 10 şahidin - məcburi köçkünlərin ifadələrinin iş materiallarından çıxarılması barədə vəsatət qaldırıb. Çernin xatırladıb ki, şahidlər Qarabağ münaqişəsinin nəticələri haqqında danışıblar.

"Şahidlər bizim ortaq acımız haqqında danışıblar, amma onların ifadəsi ona qarşı irəli sürülmüş ittihamların mahiyyəti ilə bağlı deyildi", deyə vəkil bildirib.

O qeyd edib ki, Azərbaycan Cinayət Prossesial Məcəlləsinə əsasən, hər-hansı cinayətin şahidi olan şəxslər şahid qismində dindirilə bilər. Vəkil bu şahidlərin ifadələrinin dəlillər siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Amma prokuror Nəsir Bayramov etiraz edib, müdafiə tərəfin bu məsələ ilə bağlı hazırlıq iclasında fikir bildirməli olduğunu qeyd edib.

Hakim Əlövsət Abbasov vəsatəti təmin etməkdən imtina edib, dəlillərin yekun qərar hazırlanarkən qiymətləndirildiyini bildirib. Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını bildirib.

Dövlət ittihamçısı yekun nitqə hazırlaşmaq üçün vaxt istəyib və iclas iyulun 14-ü saat 14-ə təyin edilib.

Vəkil Çernin məhkəmənin yekunlarını şərh edərkən deyib ki, müdafiə tərəfi Lapşinin təqsirinin sübuta yetirilmədiyini hesab edir.

"Şahidlər Qarabağ münaqişəsi haqqında danışıblar və bu, hər bir Azərbaycan vətəndaşına aiddir və müəyyən dərəcədə hər birimiz zərərçəkmiş sayılırıq. Amma şahidlərin ifadələrinin konkret olaraq Lapşinə qarşı irəli sürülmüş ittihamlarla əlaqəsi yox idi", deyə vəkil bildirib.

Onun fikrincə, ekspert Lapşinin ərazi bütövlüyünə qarşı çağırışlarının nədən ibarət olduğunu açıqlamayıb.

Lapşin özü qeyd edib ki, Dağlıq Qarabağa turist kimi gedib və Azərbaycanlıların əleyhinə deyil və Azərbaycanın ərazi bütövlüyünə hörmət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG