Accessibility links

Avropa Məhkəməsi toplaşmaq azadlığı ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yeddi nəfər Azərbaycan vətəndaşının işi üzrə qərarlar qəbul edib. Bu şikayətləri müxalifət fəalları Abbas Fəxrəddin, Sahib Rüstəmli, Türkel Əlisoy, Sərvər Əbdüləli, Köçəri Nağıyev, Əli Səfərli və Niman Əsgərov veriblər. Onlar toplaşma azadlığının pozulduğunu və dinc etiraz aksiyalarında iştiraka görə həbs olunduqlarını bildiriblər.

AİHM ərizəçilərin azadlıq və şəxsi toxunulmazlıq (Avropa Konvensiyasının 5-ci maddəsi), ədalətli araşdırma (6-cı maddə) və sərbəst toplaşma azadlığı (11-ci maddə) hüquqlarının pozulduğunu tanıyıb.

Altı ərizəçinin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edib. Yeri gəlmişkən, Ə.Mustafayevin AİHM-də qazandığı işlərin sayı 115-ə çatıb. N.Əsgərovun hüquqlarını hüquqşünas Xalid Bağırov müdafiə edib.

Məhkəmə A. Fəxrəddinə 10 000 avro, digər ərizəçilərə 8000 avro, 6 iş üzrə hüquqi yardıma görə ümumilikdə 5800 avro kompensasiya təyin edib.

N.Əsgərovun işi üzrə kompensasiya 8000 avro, hüquqi yardıma görə 1500 avro təşkil edib.

Ə.Mustafayev məhkəmənin qərarından razı qaldığını bildirib. Eyni zamanda o, kompensasiyanın həcminin adekvat olmadığından təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, başqa ölkələrdə analoji işlər üzrə kompensasiyanın həcmi 12-15 min avro təşkil edir.

Ancaq son vaxtlar Azərbaycan üzrə kompensasiyaların həcmi azaldılıb.

Onun fikrincə, kompensasiyaların həcminin az olması hökuməti vəziyyəti düzəltməyə sövq etmir.

"Digər tərəfdən, hakimiyyət ümumi xarakterli tədbirlər görmür, qanunvericiliyi və toplaşma azadlığı sahəsində praktikanı yaxşılaşdırmır və ərizəçilərin hüquqlarının pozulması davam edir. Bu baxımdan daha yüksək həcmdə kompensasiya müəyyən etmək lazımdır", - vəkil düşünür.

Qeyd edək ki, ərizəçilər 2011-ci il aprelin 2-də və 17-də, 2012-ci il oktyabrın 20-də mitinqlərdə iştiraka görə saxlanılaraq inzibati qaydada həbs olunublar.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG