Accessibility links

Aleksandr Lapşin: “Mənim günahım mənəvi məsələdir”


Aleksandr Lapşin
Aleksandr Lapşin

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Aleksandr Lapşinin işi üzrə vəkil və blogerin özü son söz deyib.

Vəkil Eduard Çernin A.Lapşinə qarşı irəli sürülən ittihamları “əsassız və qanunsuz” adlandırıb.

Onun sözlərinə görə, A.Lapşin Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulan hərəkətləri (dövlət əleyhinə yönələn açıq çağırışlar) törətməyib.

Vəkilə görə, A.Lapşinin işğal edilmiş ərazilərə səfərlə bağlı yazıları “informativ xarakter” daşıyıb və orada çağırış olmayıb.

Bundan əlavə, E.Çerninin fikrincə, Cinayət Məcəlləsinin 281-ci maddəsi “zorakılıq xarakterli” hərəkətlərə aiddir, ancaq blogerin məqalələrində bu olmayıb.

Cinayət Məcəlləsinin 318.2-ci maddəsilə ittihama (Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz keçmək) gəlincə, vəkil hesab edir ki, qanunvericilikdə işğal edilmiş ərazilərə səfərləri tənzimləyən normalar yoxdur.

Digər tərəfdən, A.Lapşini sərhəd nəzarətindən yayınaraq sərhəddi qanunsuz keçməkdə ittiham etmək qanuna ziddir, çünki işğal edilmiş ərazilərdə sərhəd məntəqələri olmayıb.

O həmçinin deyib ki, proses zamanı şahidlər A.Lapşinə qarşı irəli sürülən ittihamların mahiyyəti üzrə ifadə verməyiblər.

Vəkil A.Lapşinə bəraət verilməsini xahiş edib.

A.Lapşin deyib ki, irəli sürülən ittihamları qəbul etmir.

O deyib ki, “heç bir şeyə çağırış etməyib”, “erməni hakimiyyəti ilə əlaqəsi olmayıb”.

Blogerin sözlərinə görə, “onun Azərbaycan qarşısında günahı mənəvi məsələdir, hüquqi deyil”.

O etiraf edib ki, Azərbaycan xalqına qarşı yalnış, aşağılayıcı ifadələr işlədib.
Bununla yanaşı deyib ki, Azərbaycanda həbsdə olduğu müddətdə ancaq yaxşı münasibət görüb.

A.Lapşinin sözlərinə görə, indi o, Azərbaycan xalqı, eləcə də istənilən digər xalq üçün ölkənin ərazi bütövlüyünün vacib olduğunu başa düşür.

O, Azərbaycan xalqına mənəvi ziyan vurduğuna görə peşman olduğunu bildirib.

A.Lapşin ümidvar olduğunu bildirib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Hökmün oxunması iyulun 20-i saat 10.30-a təyin edib.

Bundan öncə prokuror A.Lapşinin 6,5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

XS
SM
MD
LG