Accessibility links

Bloklanmış saytların apellyasiya şikayətinə baxılacaq


Məhkəmə Azərbaycanda müstəqil saytların bloklanması barədə qərar qəbul etdi

Noyabrın 7-də saat 11.20-də Bakı Apellyasiya Məhkəməsində hakim Abiddin Hüseynovun sədrliyi ilə AzadlıqRadiosu-nun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"-nin, "Turan TV"-nin və "Azərbaycan saatı" televiziya proqramının internet saytlarına girişin rəsmi şəkildə məhdudlaşdırılması barədə Səbael Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 27 mart 2017-ci ildə adları çəkilən saytlara Azərbaycan ərazisində girişi məhdudlaşdırıb. Aprel ayında isə nazirlik məhkəməyə müraciət edərək, saytların bloklanması haqda qərar çıxarılmasını istəyib. Aprelin 27-də məhkəmədə nazirlik təmsilçisi bildirib ki, saytlara giriş Baş Prokurorluqdan gələn məktub əsasında məhdudlaşdırılıb. Baş Prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə göndərilən məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb - ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Məktuba saytlarda yayımlanmış materiallar da əlavə olunub. Nazirlik məhkəməyə iddia ərizəsinə həmin yazıları da qoşma şəklində təqdim edib. Sözügedən yazıların əksəriyyəti ölkə prezidentinin tənqid olunduğu məqalələr, xarici mediada yayımlanmış, Azərbaycan dilinə tərcümə olunaraq istinadla sayta yerləşdirilmiş materiallardır.

Bundan başqa, Milli Şuranın mitinq müzakirələri haqqında yazılar da "qara siyahıya" salınıb. Məsələn, AzadlıqRadiosu-nun saytında yayımlanmış "Son iki gündə 4 nəfərin özünü öldürdüyü deyilir" başlıqlı məqalə prokurorluğun dövlətə və cəmiyyətə təhdid kimi dəyərləndirdiyi materiallardandır.

Səbael Rayon Məhkəməsində hakim Nurəddin Bağırov 12 may 2017-ci il tarixli qərarla nazirliyin iddiasını təmin edib və adları çəkilən saytlara Azərbaycan ərazisindən giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

AzadlıqRadiosu və bloklanmış digər saytlar bu iddiaları əsassız adlandırıb.

AzadlıqRadiosu bu yaxınlarda Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini son üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG